Press "Enter" to skip to content

Mehmet Yüce: Bu, tamamilə düzgün və lazımlı qərardır

Prof. Dr. Mehmet Yüce

Son yeniləmə: 2 Dekabr 2021 09:42

Bayraqdar.info – “2010-cu ilə qədər Türkiyə universitetlərinə əcnəbi tələbələrin qəbulu üçün imtahan mərkəzləşdirilmiş qaydada ÖSYM tərəfindən həyata keçirilirdi. Lakin bu tarixdən sonra mərkəzi imtahandan imtina edildi və imtahanın aparılması işi universitetlərin öhdəsinə buraxıldı. Həmin vaxtdan etibarən hər universitet özü müstəqil imtahan keçirirdi”.

Bunu bayraqdar.info-ya özəl açıqlamasında UNEC-in Türk Dünyası İqtisad Fakültəsinin dekanı Prof. Dr. Mehmet Yüce deyib.

Xatırlatmaq yerinə düşər ki, bayraqdar.info bir neçə aydır ki, universitetlərin ayrı-ayrılıqda imtahan keçirməsinin yaratdığı problemlərə diqqəti yönəldərək vəziyyətdən çıxış yolu kimi təklifini də ortaya qoymuşdu. Bu cəhdlərimiz isə boşa çıxmadı. Qaldırdığımız məsələ Türkiyə dövləti səviyyəsində öz həllini tapdı.

Bayraqdar.info məsələ qaldırdı, Türkiyə dövləti həll etdi

Universitetlərin ayrı-ayrılıqda imtahan keçirməsi heç də səmərəli deyildi

M.Yücenin sözlərinə görə, zaman keçdikcə təcrübə göstərdi ki, universitetlərin ayrı-ayrılıqda imtahan keçirməsi heç də etibarlı və səmərəli deyil. Məhz buna görə də Ali Təhsil Şurasının (YÖK) aldığı qərara əsasən xarici ölkə vətəndaşları üçün keçirilən və Yabancı Öğrenci Sınavı (YÖS) kimi tanınan imtahan bundan sonra mərkəzləşdirilmiş qaydada və ildə bir dəfə keçiriləcək. Bu imtahan 2022-ci ildən etibarən ÖSYM (Öğrenci Seçim ve Yerleştirme Merkezi) tərəfindən keçiriləcək.

“Hesab edirəm ki, ÖSYM tərəfindən MYÖS (Merkezi Yurt Dışından Öğrenci Kabul Sınavı) imtahanının keçirlməsinə dair qərar tamamilə düzgün və lazımlıdır”, – deyə, M.Yüce vurğulayıb.

İmtahanların universitetlər tərəfindən keçirilməsi bəzi çətinliklər yaradırdı

Bu məqamda xatırladaq ki, bir müddət öncə bayraqdar.info-nun “mərkəzləşdirilmiş imtahanın keçirilməsi mümkündürmü” sualını müsbət cavablandıran M.Yüce vahid imtahan mərkəzinin yaradılmasının vacib olduğunu bəyan etmişdi.

Qarabağı türk dünyasının təhsil vadisinə çevirməliyik

Beləliklə, müsahibimiz bildirib ki, hər bir universitetin tələbə qəbulu ilə bağlı müstəqil şəkildə keçirdiyi imtahan bəzi çətinliklər və problemlər yaradırdı: “Bu narahatlıqları Türkiyə prizmasından və imtahan keçirilən ölkənin gəncləri baxımından iki hissəyə ayırmaq mümkündür. YÖS-ün Türkiyə universitetləri üçün mənfi nəticələrini aşağıdakı kimi sadalaya bilərik: Əvvəla, Türkiyədə hər bir universitetin ayrı-ayrılıqda eyni ölkədə imtahan keçirməsi Türkiyə üçün ciddi xərc idi. İkincisi, hər bir universitetin keçirdiyi imtahanlarla bağlı öz suallarını hazırlaması sualların çətinlik səviyyəsinin fərqli olmasına səbəb olurdu. Bu da YÖS imtahanının səviyyəsini pedaqoji cəhətdən ölçməyi çətinləşdirirdi. Üçuncüsü, müxtəlif universitetlərin imtahanlarında iştirak edən və müvəffəqiyyət qazanan tələbələr eyni vaxtda birdən çox universitetə sənəd verə və birdən çox universitetdə qeydiyyatdan keçə bilərdilər. Bu da universitetlərin kvota planlaşdırılması probleminin yaranmasına səbəb olurdu. Ən əsası, imtahanlarla bağlı bəzi şübhələr Türkiyə universitetlərinin etibarlılığına xələl gətirirdi”.

İmtahanın mərkəzləşdirilmiş şəkildə aparılması çatışmazlıqları aradan qaldıracaq

Universitetlər tərəfindən YÖS imtahanlarının keçirildiyi ölkələrdə abituriyentlər üçün yaratdığı çatışmazlıqlara gəlincə M.Yüce deyib: “Öncə onu deyim ki, abituryentlərin hər bir universitetin imtahanı üçün ayrı-ayrılıqda pul ödəməli olması onların ailələri üçün xeyli xərc idi. Eyni zamanda hər universitetin keçirdiyi YÖS imtahanının çətinlik səviyyəsi fərqli olduğu üçün tələbələr bu imtahanlara necə hazırlaşmalı olduqlarını bilmirdilər. Digər tərəfdən, imtahanlarla bağlı bəzi söz-söhbətlər xüsusən də bacarıqlı gənclərə psixoloji təsir göstərirdi. Üstəlik, tələbələrin universitetlərə yerləşdirilməsinə vasitəçilik edən bəzi şirkətlərin bəzi real olmayan vədləri narazılıqlara səbəb olurdu. Beləliklə, hesab edirəm ki, YÖS imtahanının mərkəzləşdirilmiş şəkildə aparılması və yerləşdirmə prosesinin də mərkəzləşdirilmiş şəkildə həyata keçirilməsi bu çatışmazlıqları aradan qaldıracaq. Bu, daha bacarıqlı tələbələrin Türkiyə universitetlərinə yerləşdirilməsinə səbəb olacaq”.

Mission News Theme by Compete Themes.