Bayraqdar.info – Güneyli fəallar Azərbaycanlı siyasi məhbus Abbas Lisaninin sağlıq durumunun ağırlaşmasına etiraz olaraq Ərdəbildəki Qasım Suleymani meydanında və yerüstü piyada keçidlərindən birində banerlər quraşdırmaqla öz etirazlarını bildiriblər.
“Azad İran” Telegram kanalı xəbər verir ki, onlar Ərdəbil zindanında saxlanılan A.Lisaniyə dəstək verərək, məhkəmə rəsmilərinə və həbsxananın məsul şəxslərinə, habelə İranın əmniyət güclərinə öz etirazlarını bəyan ediblər.
Banerlərdə A.Lisaninin şəkli ilə bərabər Ərdəbil şəhər prokuroru Seyid Abdullah Təbatəbainin şəkli və yazı yer alıb: “Güney Azərbaycanlı siyasi fəal Abbas Lisaninin sağlamlığı təhlükə qarşısındadır. Baş verə biləcək istənilən nəticənin məsuliyyəti Ərdəbil prokuroru və məhkəmə rəsmilərinin üzərinədir”.
Son günlər Azərbaycanlı milli fəallar Ərdəbil mərkəzi zindanında A.Lisaninin sağlamlıq vəziyyətindən ciddi narahatdırlar ki, bu da Güney Azərbaycanın bir çox şəhərlərində bununla bağlı vətəndaş etirazlarının artmasına səbəb olub.
Xatırladaq ki, A.Lisani artıq uzun müddətdir ki, belində disk yırtığı problemindən əziyyət çəkir. Zindanın məsul şəxslərinin isə biganə yanaşması onun probleminin daha da böyüməsinə gətirib çıxarıb. Hazırda A.Lisaninin vəziyyətinin yaxşı olmadığı deyilir.