Son yeniləmə: 2 Dekabr 2021 16:49
Bayraqdar.info – Dekabrın 1-də gənclər və idman naziri Fərid Qayıbov bu yaxınlarda dünya çempionatında uğurla çıxış etmiş Azərbaycan karateçiləri ilə görüşüb.
Bu barədə bayraqdar.info-ya dekabrın 2-də Nazirlikdən məlumat verilib.
“İdmançılardan İrina Zaretska (-68 kq) dünya çempionu olub, Asiman Qurbanlı (+84 kq) isə bürünc medal qazanıblar. Bundan başqa, Rafael Ağayev, Asiman Qurbanlı, Tural Ağalarzadə, Turqut Həsənov, Pənah Abdullayev, Tural Ələkbərli, Rafiz Həsənovdan ibarət komanda, eləcə də para-karateçilərdən Emiliya Mitilinova və Eldar Əhmədov dünya üçüncüsü olublar.
“Azərbaycan Karate Federasiyasının prezidenti Yaşar Bəşirov noyabrın 16-22-də Dubayda keçirilmiş dünya çempionatına hazırlıq və idmançıların nəticələri və onların son zamanlarda iştirak etdikləri digər yarışlardakı uğurları barədə nazirə məlumat verib.
“Nazir Fərid Qayıbov karateçilərin ötən ay dünya çempionatındakı çıxışlarını maraqla izlədiyini və əldə etdikləri nəticənin sevindirici olduğunu vurğulayıb. O, Y.Bəşirovu Beynəlxalq Şotokan Federasiyasının prezidenti seçilməsi münasibətilə təbrik edib, Federasiyanın fəaliyyətinə və Azərbaycan karateçilərinə uğurlar arzulayıb.
“Görüşdə kişilərdən ibarət kumite yığma komandanın baş məşqçisi Qurban Tağıyev, qadınlardan ibarət kumite yığma komandanın baş məşqçisi Denis Morozov, Federasiyanın baş hakimi Cahangir Babayev, para-karate üzrə yığma komandanın baş məşqçisi Rənad Əliyev də iştirak ediblər”, – deyə xəbərdə bildirilir.