Press "Enter" to skip to content

DİN yanında İctimai Şuradan Tofiq Yaqublu ilə bağlı müraciət

Əliməmməd Nuriyev

Bayraqdar.info – Məlum olduğu kimi dekabrın 1-də bir qrup şəxs Bakının mərkəzində razılaşdırılmamış etiraz aksiyası keçirməyə cəhd göstərib. Bu zaman polis məsələyə müdaxilə edib və aksiyanın qarşısını alıb. Bir neçə nəfər də müvəqqəti olaraq saxlanılıb.

Saxlanılanlar arasında müxalifət fəalı Tofiq Yaqublu da olub. Onu da bir müddət sonra azad ediblər. Lakin mediada geniş yayılmış görüntülərdən də bəlli olur ki, T.Yaqubluya qarşı hədsiz şiddət tətbiq edilib. Bu isə cəmiyyətdə haqlı suallara səbəb olub.

Məsələnin ciddiliyini nəzərə alaraq Daxili İşlər Nazirliyi yanında İctimai Şura T.Yaqubluyla bağlı baş verənlərin araşdırılması üçün müraciətlə çıxış edib. Şuranın sədri Əliməmməd Nuriyevin yaydığı müraciətdə deyilir:

“Dekabrın 1-də Bakı şəhərinin Fəvvarələr meydanı ərazisində müvafiq qaydada razılaşdırılmayan aksiyanın keçirilməsinə cəhdin qarşısının alınması zamanı bir qrup şəxsin saxlanılması ilə bağlı rəsmi məlumat yayılıb.

“Saxlanılan şəxslər arasında xəsarət alanların olması ilə bağlı gün ərzində sosial şəbəkələrdə foto və video materiallar yayılıb. Onların arasında olan Tofiq Yaqublunun mediada yayılan görüntülərindən fiziki təzyiqə məruz qalması aşkar görünür.

“DİN yanında İctimai Şura hesab edir ki, polis razılaşdırılmayan aksiyalar zamanı ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi vəzifəsini yerinə yetirərkən insan hüquq və azadlıqlarının qorunması üçün zəruri tədbirlər görməlidir.

“Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmləndiyi indiki zamanda T.Yaqubluya qarşı zor tətbiq edilməsi ölkəmizin nüfuzunun salınmasına hesablanmış davranış da ola bilər.

“DİN yanında İctimai Şura baş verənlərin obyektiv və hərtərəfli araşdırılmasına, araşdırmanın nəticəsi ilə bağlı ictimaiyyətə geniş məlumat verilməsinə, günahkarların müəyyən edilərək cəzalandırılmasına çağırır”.

Əlavə edək ki, bayraqdar.info-nun baş redaktoru Azər Həsrət də dekabrın 2-də yazdığı müəllif yazısında məsələylə bağlı narahatlıq ifadə edib.

Prezident İlham Əliyevin əli zəiflədilir… – VİDEO

Mission News Theme by Compete Themes.