Son yeniləmə: 2 Dekabr 2021 18:01
Bayraqdar.info – Məlum olduğu kimi, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Daşkəsən rayonunda yerləşən “Çovdar” İnteqrəolunmuş Regional Emal Sahəsinin 4-cü topaqələviləşdirmə ərazisində tikinti-quraşdırma işləri zamanı arxeoloji abidələr tapılıb. Məsələ ilə əlaqədar “Azergold” QSC AMEA Arxeologiya, Etnoqrfiya və Antropologiya İnstitutuna müraciət edib. İnstitutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Cəlilovun rəhbərlik etdiyi ekspedisiya əraziyə baxış keçirərək arxeoloji qazıntılar aparıb.
Aparılan qazıntı və tapılan maddi-mədəniyyət nümunələri ilə bağlı bayraqdar.info-ya açıqlama verən B.Cəlilov “Çovdar” filiz nekropolunda aparılan tədqiqatların Heydər Əiyev Fondu və “Azərgold” QSC-nin dəstəyi ilə həyata keçirildiyini bildirib.
““Çovdar” nekropolunda qazıntı işləri hələ 2019-cu ildən başlanılıb. “Azərgold” tikinti işləri apararkən arxeoloji abidə aşkar olunub və tikinti dayandırılaraq İnstituta müraciət edilib. 2019-cu ildə 5 ay ərzində aparılan tədqiqatlar zamanı burada 156 daş qutu qəbir aşkar edilib. Daş qutu qəbirlər bildiyiniz kimi, son tunc ilk dəmir dövrünə, daha doğrusu “Xocalı-Gədəbəy” mədəniyyəti nümunələrinə aiddir. Daha sonra 2021-ci ildə həmin ərazidə “Çovdar” filiz emalı filiz istehsalı sahəsində tikinti – quraşdırma işlərinin genişləndirilməsi ilə bağlı yenidən İnstituta müraciət edilib. Əraziyə baxış keçirilərkən bu hissədə də arxeoloji abidənin mövcud olduğu müəyyən edilib. Bu ilin iki ayı ərzində (sentyabr, oktyabr ayları) və hazırda da müəyyən hissələrdə tədqiqatlar davam edir, arxeoloji qazıntılar zamanı daha 58 daş qutu qəbir aşkar edilib”, – deyə B.Cəlilov bildirib.
Alimin sözlərinə görə, bu daş qutu qəbirlərin də böyük əksəriyyəti ilk dəmir dövrünə Xocalı – Gədəbəy nümunələri mədəniyyətinə aiddir.
“Maraqlı faktlar həddən artıq çoxdur. Çox zəngin maddi-mədəniyyət nümunələri aşkar olunub. Təbii ki, bu nümunələr və burada izlənən dəfn adətləri tədqiqi Xocalı-Gədəbəy abidəlıəri mədəniyyəti daşıyıcıları dünyagörüşləri və dəfn adətlərinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edir. Maraqlı tapıntılardan xüsusilə xəncərlər, taxta saplı, sapların üzəri də inkrustasiya olan xüsusi naxışlarla bəzədilmiş tunc xəncərlər, kəmərlər aşkar edilib. Xüsuilə qeyd edim ki, əvvəl də belə kəmərlər tapılmışdı, lakin oksidləşməyə məruz qaldığı üçün dağılmışdı, bu dəfə isə 4 ədəd bütöv qalmış kəmər tapdıq. Kəmərlərdən birinin üzərində bütövlüklə döymə naxışlarla heyvan təsviri əks olunub. Onların təmizlənməsindən sonra heyvan düzümü və motivi daha dəqiqləşəcək. Mərmər daşlardan hazırlanmış toppuzlar, əsa başlığı və bu kimi kaurilər və Ön Asiya üçün xarakterik olan bəzək əşyaları, muncuqlar o dövrün mədəni – iqtisadi əlaqələrinin göstəricisi olmaqla Azərbaycanla Yaxın Şərqin çox nadir tapıntılardan hesab edilir. Təbii ki, bu abidələrin tədqiqi Xocalı-Gədəbəy mədəniyyətinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edir.”
Ekspedisiya rəhbərinin sözlərinə görə, ərazidə 200-dən artıq qəbir tapılıb. Onların tipləri, formaları, insanların orada dəfn etmə formaları və bu işlərin təhlili alimlərə çox informasiya verəcək. Artıq laboratoriya analizlərinin bir qismi aparılıb, digər qismi də aparılacaq.
“Materialların hamısı tədqiqat üçün İnstituta gətiriləcək. Artıq qazıntılar yekunlaşmaq üzrədir. Gətirildikdən sonra onların bir daha kameral işlənməsi və daha detallı bilgilərin əldə olunması mümkün olacaq.
“Bundan əvvəlki tapıntıların kameral işləmələri demək olar ki, başa çatdırılıb. Antropoloji tədqiqatlar aparılıb, nümunələrin bir çoxu DNT analizi üçün Türkiyəyə göndərilib. Radiokarbon və metal əşyaların analizi üçün isə nümunələr İtaliyaya göndərilib. Nümunələrin spektral tədqiqi nəzərdə tutulur”, – deyə alim qeyd edib. . Sonda B.Cəlilov onu da qeyd edib ki, tədqiqatın sonunda hazırlanan geniş hesabat “Azərgold” QSC-yə təqdim ediləcək. Aparılan qazıntıları özündə əks etdirən bir məcmuə və ya kitab nəşr edilməsi də nəzərdə tutulur.