Press "Enter" to skip to content

Ceyhun Bayramov Entoni Blinken ilə görüşüb

Bayraqdar.info – Xəbər verdiyimiz kimi xarici işlər naziri Ceyhun Bayramov Stokholmda səfərdədir. Səfərdə məqsəd ATƏT-in Nazirlər Şurasının 28-ci iclasında iştirak etməkdir.

Qeyd edək ki, nazir səfər çərçivəsində bir neçə görüş keçirib. Eyni zamanda dekabrın 2-də Ceyhun Bayramov ABŞ Dövlət katibi Entoni Blinken ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bayraqdar.info-ya verilən məlumat görə, görüşdə tərəflər, ikitərəfli əməkdaşlıq gündəliyi üzrə, o cümlədən iqtisadi, energetika, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər.

“Görüş zamanı nazir C.Bayramov qarşı tərəfə 10 noyabr 2020-ci il üçtərəfli bəyanatının imzalanmasından sonra bölgədə mövcud olan vəziyyət, işğaldan azad olunmuş ərazilərdəki dağıntıların miqyası, mina təhlükəsi, sərhəd məntəqəsində gərginliyin səbəbləri, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidən quruculuq işləri barədə ətraflı məlumat verib.

Söhbət zamanı Azərbaycanın enerji sahəsində verdiyi töhfə, həm mühüm neft-qaz layihələrinin təşəbbüskarı və icraçısı olduğu, həm də Avropa Birliyinin enerji təhlükəsizliyində mühüm faktor kimi çıxış etdiyi qeyd olunub”, – deyə məlumatda vurğulanır.

Qeyd edilir ki, ABŞ rəsmisi beynəlxalq sülh və təhlükəsizlik məsələlərində Azərbaycan ilə əməkdaşlığı, o cümlədən Azərbaycanın Əfqanıstanda fəaliyyətini yüksək dəyərləndirib.

Mütəşəkkil cinayətkarlıq, terrorçuluq, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması, sülhə və təhlükəsizliyə təhdid və maneə törədən bir sıra hallarla mübarizədə Azərbaycanın rolu vurğulanıb.

Görüşdə tərəflər, habelə qarşılıqlı maraq doğuran regional və qlobal məsələləri müzakirə ediblər.

Mission News Theme by Compete Themes.