Son yeniləmə: 2 Dekabr 2021 10:31
Bayraqdar.info – Bosniya serblərinin lideri Milorad Dodikin son addımları bu ölkədə gərginliyin artmasına yönəlib. Belə ki, Bosniya və Herseqovinanın parçalanması üçün hər yola baş vuran bu şəxs indi də rus əsgərindən mədət umur.
Balkan News-un məlumatına görə, noyabrın 30 –da Rusiyaya səfər edən M.Dodik rus əsgərinin Bosniya və Herseqovinaya yeridilməsi üçün Vladimir Putindən dəstək almaq istəyir.
Məsələyə diqqət ayıran Rusiyanın “Pravda” qəzeti Bosniya serblərinin lideri M.Dodikin səfərinin mərkəzində məhz bu istəyin dayana biləcəyini ehtimal edib. Qeyd olunub ki, Bosniya və Herseqovina Prezident Şurasının serb üzvü M.Dodik səfərdən əvvəl Qərbin sanksiyalarına qarşı Rusiya və Çinin dəstəyinə ümid etdiyini açıqlayıb.
Məsələ burasındadır ki, M.Dodik Bosniya və Herseqovina dövlətinin nüfuzuna qarşı atdığı addımlara görə ABŞ və Avropa İttifaqına üzv dövlətlərdən sanksiya təhdidləri alır. Bu kontekstdə o, Rusiyadan Bosniya və Herseqovinadakı fəaliyyətini artırmağı tələb edir.
“Pravda”nın xəbərində NATO-nun Bosniya və Herseqovinaya qoşun göndərməsi ilə bağlı müzakirələrinə istinad edilib. Eyni zamanda, Rusiyanın da Bosniya və Herseqovinada qüvvələr yerləşdirə biləcəyinə işarə edilib.
“Pravda” həmçinin xatırladıb ki, Rusiya 1990-cı illərin ortalarında beynəlxalq sülhməramlı missiyanın tərkibində regiona hərbi qüvvələr göndərib.