Son yeniləmə: 2 Dekabr 2021 09:11
Bayraqdar.info – 30 noyabr – 1 dekabr tarixlərində UNESCO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin mühafizəsi üzrə 1954-cü il Haaqa Konvensiyasının İkinci Protokoluna tərəf dövlətlərin 9-cu iclası keçirilib.
Bu barədə bayraqdar.info-ya dekabrın 2-də Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Bildirilib ki, iclas çərçivəsində 30 noyabr 2021-ci il tarixində UNESCO-nun Silahlı münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinə seçkilər keçirilib. Komitə üzvlüyünə Azərbaycan Respublikasının da namizədliyi irəli sürülüb və səsvermədə iştirak edən dövlətlərin mütləq əksəriyyətinin dəstəyi ilə ölkəmiz növbəti 4 il müddətinə Komitəyə üzv seçilib.
Xatırladaq ki, bir müddət bundan əvvəl Azərbaycan 2021-2025-ci illər üzrə UNESCO-nun İcraiyyə Şurasına da üzv seçilib.
Hər iki seçkilərdə əldə edilmiş yüksək səs sayına əsaslanan qələbələr Azərbaycanın UNESCO dəyərlərinə sadiqliyinin beynəlxalq ictimaiyyət tərəfindən təqdir edilməsinin göstəricisidir.