Press "Enter" to skip to content

Azərbaycan-Türkiyə ortaq universiteti qurulacaq

Erol Özvar Prezident İlham Əliyevin qəbulunda

Son yeniləmə: 2 Dekabr 2021 14:14

Bayraqdar.info – Bir müddətdir bayraqdar.info-nun gündəmə gətirdiyi Azərbaycan-Türkiyə ortaq universiteti məsələsi artıq gerçəyə çevrilməkdədir. Bu haqda dekabrın 2-də Azərbaycanda səfərdə olan Türkiyə Yüksek Öğretim Kurulu (YÖK) başqanı Erol Özvar jurnalistlərə verdiyi açıqlamada bildirib.

Rusiya, Fransa kimi Türkiyə də Azərbaycanda universitet açsın

İlk xarici səfərini Azərbaycana gerçəkləşdirən E.Özvar Bakıda jurnalistlərin suallarını cavablandırarkən bu müjdəni verib.

YÖK başqanı bildirib ki, o, Azərbaycanın təhsil naziri Emin Əmrullayevin dəvəti ilə Bakıya gəlib. Səfərin məqsədi iki ölkənin təhsil sahəsində işbirliyini daha konkret istiqamətlər üzrə gerçəkləşdirməkdir.

Türkiyənin Azərbaycanda universitet açma ideyası aktuallaşır – ÖZƏL

E.Özvar deyib ki, dekabrın 2-də Prezident İlham Əliyevlə görüşdə Türkiyə-Azərbaycan ortaq ali təhsil müəssisəsinin qurulması yönündə də fikir mübadiləsi aparıblar. O, belə bir müəssisənin qurulması üçün Azərbaycana gəldiyini deyib.

Ortaq universitet Türkiyə ilə Azərbaycanı daha da yaxınlaşdırardı – ÖZƏL

YÖK başqanı əlavə edib ki, ortaq universitetin qurulması üçün iki ölkə arasında konkret işlər görülür. O, qurulacaq yeni universitetin tədris proqramlarının da uyğunlaşdırılmasına gərək olduğunu deyib.

Erol Özvar jurnaslitlərin suallarını cavablandırır

Bayraqdar.info-nun qurulacaq ortaq universitetin Qarabağda yerləşə biləcəyi ilə bağlı sualına cavab olaraq E.Özvar bildirib ki, hələlik bununla bağlı bir söz deyə bilmir.

YÖK başqanı bayraqdar.info-nun əcnəbi tələbələr üçün ildə bir dəfə mərkəzləşdirilmiş imtahan keçirilməsilə bağlı sualını da cavablandırıb. O, qeyd edib ki, “Türkiyədə 250 mindən çox əcnəbi tələbə təhsil alır. Bəzi sahələr üzrə əcnəbi abituriyentlər üçün mərkəzləşdirilmiş imtahan təşkil ediləcək. Belə imtahanın başqa imtahanlardan, açığı elə də fərqi olan deyil. Sadəcə olaraq bu imtahanların mahiyyəti eyni qalacaq. Yalnız o fərq olacaq ki, belə mərkəzləşdirilmiş imtahanlar Türkiyənin xarici ölkələrdəki səfirliklərinin təhsil attaşelikləri tərəfindən həmin ölkələrdə təşkil olunacaq. Nəticədə qazandıqları ballara uyğun olaraq abituriyentlər istədikləri və uyğun olan universiteti seçə biləcəklər. Yəni sistemi daha şəffaf və daha rəqabətli hala gətiririk. Bu yolla abituriyentlər qazandıqları ballarla istər dövlət, istərsə də özəl universitetlərə qəbul oluna biləcəklər. Yalnız bir məsələ var ki, bu imtahan bir neçə istiqamətlə sınırlıdır: tibb, diş həkimliyi, əcsaçılıq, mühəndislik və müəllimlik. Abituriyentlər hər hansı kənar vasitəçi olmadan, dövlətin təminatıyla bu imtahanlarda iştirak edə biləcəklər. Bu yolla arzu edənlərin Türkiyə universitetlərinə daha rahat yetişə bilməsini təmin edəcəyik”.

Qeyd edək ki, bayraqdar.info bir neçə aydır belə bir mərkəzləşdirilmiş imtahan məsələsini də həm Azərbaycan, həm də Türkiyə tərəfi ilə gündəmdə saxlayırdı.

Bayraqdar.info məsələ qaldırdı, Türkiyə dövləti həll etdi

E.Özvarın açırlaması artıq məsələnin ən yüksək səviyyədə həllini tapdığının xəbərçisidir ki, buna da sevinməyə bilmərik.

Xəbər verdiyimiz kimi, noyabrın 1-də E.Əmrullayev də Ankaraya səfəri çərçivəsində E.Özvarla görüşərək bu istiqamətdə müzakirələr aparmışdı.

Emin Əmrullayev YÖK rəhbəri ilə görüşüb

Redaktə: Azər Həsrət

Mission News Theme by Compete Themes.