Press "Enter" to skip to content

Yenə də informasiya məsələsində sinifdə qaldıq…

Azər Həsrət

Son yeniləmə: 1 Dekabr 2021 11:20

Bayraqdar.info – Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinə aid təlim helikopterinin qəzaya uğraması və 14 hərbçinin həlak olması Azərbaycan cəmiyyətini dərindən üzdü. Əlbəttə, heç kim belə bir hadisənin olmasını istəməzdi və o üzdən də narahatlıqlar başa düşüləndir. Bu baxımdan gərək idi ki, operativ informasiya ilə cəmiyyət məlumatlandırılsın, əlavə və əsassız iddialara meydan tanınmasın. Amma nə baş verdi? Birincisi, hadisə saat 10.40-da baş versə də rəsmi açıqlaması yalnız 12.11-də yayımlandı. Yəni saat yarım sonra. Bu isə şayiə maşınları üçün yetərincə uzun müddətli bir boşluq idi. Üstəlik, verilən informasiya da tam olmadığı üçün ortalığı qarışdırmaq istəyənlərə əlavə imkan yaratdı ki, hər cür şayiə uydursunlar.

Xızıda helikopter qəzaya uğradı, yüksək rütbəli hərbçilər həlak oldu

İkinci bir önəmli məqamsa odur ki, aradan artıq bir sutka keçməsinə baxmayaraq DSX-nin internet saytında həlak olanların siyahısı yoxdur. Eləcə də hadisəni araşdıran Baş Prokurorluq siyahını öz saytında elan etməyib. Halbuki dünəndən bir sıra media qurumları məhz DSX-ya istinadla həlak olmuş 14 və yaralanmış 2 nəfərin adlarını elan edir. İş ondadır ki, bu siyahının DSX-dən alındığı deyilsə də, qeyd etdiyimiz kimi, qurumun saytında belə bir məlumat yoxdur. Üstəlik, elə dünəndən həlak olanlarla bağlı iki ayrı siyahı yayımlanır ki, bu da əlavə suallar doğurmaya bilməz.

Səbəb nədir? Niyə belə olur? Niyə DSX ən adi informasiya ilə belə naşıcasına işləyir? Düzdür, noyabrın 30-u axşam saatlarında DSX rəisi Elçin Quliyev brifinq keçirərək qısa da olsa bilgi verdi. Amma bu, yenə də açıq suallara cavab olmadı axı. Yəni həlak olanların siyahısını DSX-nin saytında dərc etmək eləmi çətindir? Yaxud da bu siyahının orada dərc edilməməsinin hansı tutarlı əsasları ola bilər?

Helikopter qəzasında həlak olanların adları açıqlandı – SİYAHI

Ümumiyyətlə, noyabrın 30-da baş vermiş o acı helikopter qəzası bir daha göstərdi ki, informasiya ilə işləməkdə qüsurlarımız hələ də qalmaqdadır. Özəlliklə də hərbi və bənzəri qurumların bu sahədəki boşluqları gərəkli şəkildə doldura bilməməsi ümumi işin zərərinədir. Düşünürük ki, belə durumlar üçün hazır hərəkət planları olmalı və bir hadisə baş verən andan xəbərlərdə önə çıxmaq təmin edilməlidir. Əks təqdirdə şayiələr, təsadüfi adamların ehtimalları, özəlliklə də düşmən qüvvələrin ictimaiyyəti çaşdırmaq üçün ortaya atdığı informasiyalar zərərli işini görəcək. Necə ki, görür…

Mission News Theme by Compete Themes.