Son yeniləmə: 1 Dekabr 2021 13:35
Bayraqdar.info – “Ötən ilin noyabrın 10-u tariximizə xüsusi həkk olundu. Belə ki, Azərbaycan ordusunun ərazilərimizin azad olunması uğrunda apardığı 44 günlük müharibənin və əldə etdiyi şanlı qələbənin yekunu kimi həmin tarixdə üçtərəfli Bəyanat imzalandı. Məhz bu Bəyanata əsasən Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Kəlbəcər, Agdam və Laçın rayonları bir güllə atılmadan belə işğaldan azad edildi”.
Bunu bayraqdar.info-ya özəl açıqlamasında politoloq Yeganə Hacıyeva deyib.
Qeyd olunub ki, Ermənistan müharibəni davam etdirmək iqtidarında olmadığını anlayaraq onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları Bəyanata əsasən məğlub tərəf kimi üzərinə bir sıra öhdəliklər götürən düşmən sonradan Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz respublikamıza təhvil verdi.
Azərbaycanın ərazi bütövlüyünün bərpası prosesi başa çatdı
Politoloq qeyd edib ki, 2020-ci ilin dekabrın 1-i Laçın rayonunun düşmən tapdağından azad edildiyi şərəfli tarixi gündür: “Laçının azad edilməsi ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması prosesi başa çatdı. Yaxın tariximizin unudulmayacaq qələbələrindən birinə çevrilmiş bu zəfərə görə Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Onun uzaqgörən xarici siyasəti və qətiyyətli siyasi iradəsinə borcludur”.
Müsahibimiz açıqlamasında 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfərin Cənubi Qafqaz regionunda yaratdığı reallıqlara da toxunub: “Bu müharibənin qalibi Azərbaycandır. Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 44 günlük müharibədə şanlı qələbə qazandı. Torpaqlarımızı işğaldan azad etdik, ərazi bütövlüyümüzü bərpa etdik, Dağlıq Qarabağda muxtariyyət söhbətini birdəfəlik tarixin zibilliyinə atdıq. Dövlət başçısının da bəyan etdiyi kimi artıq Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Həmçinin darmadağın etdiyimiz Ermənistanı Azərbaycanın Naxçıvanla quru əlaqəsi əldə edəcək komunikasiyaların açılmasına razılaşmağa məcbur etdik”.
Bu rayonlar bir güllə atılmadan, bir şəhid verilmədən azad edildi
10 noyabr razılaşmasına əsasən üç rayonun bir güllə atılmadan Azərbaycana təhvil verilməsinin digər bir əhəmiyyətinə gəlincə Y.Hacıyeva bildirib: “Onu qeyd etmək lazımdır ki, Ağdam, Laçın və Kəlbəcər rayonlarının işğaldan döyüş yolu ilə azad edilməsi çox böyük hərbi-texnika, ən əsası insan itkiləri hesabına başa gələcəkdi. Çünki düşmən orda 30 il ərzində keçilməsi çətin istehkamlar qurmuşdu. Yəni mürəkkəb relyefə malik olan və güclü istehkamlar yaradılan rayonların heç bir itki verilmədən işğaldan azad edilməsi böyük əhəmiyyət daşıyır. Bir sözlə, məhz 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbənin nəticəsi olaraq Ağdam, Kəlbəcər və Laçın bir güllə atılmadan, bir şəhid verilmədən azad edildi”.
Politoloq bildirib ki, ümumiyyətlə isə , 44 günlük Vətən müharibəsi Cənubi Qafqaz regionunda hərbi mövcudluq və geopolitik tarazlığı dəyişdi: “Ermənistan məğlub oldu. Emənistani maddi, mənəvi dəsətəkləyən İran bölgədəki yeni geopolitik reallıqla razılaşdı.
Bu müharibənin məğlub etdiyi diğər bir tərəf də var. Bu da ildə bir neçə dəfə sənəd yazmaqla, siyasət tövsiyə etməklə, məsləhət vermək və iclaslar keçirməklə milyonlarla dollar mənimsəyən, münaqişənin həllinə cüzi də olsa töhfə verməyən, turizm diplomatiyası olan beynəlxalq “münaqişələrin həll sənayesidir”.
Eyni zamanda onu da qeyd etməliyik ki, Azərbyacanın Qarabağda apardığı uğurlu müharibə və bunun nəticələri daxildə hakimiyyətə qarşı olan marginal qrupların da planını pozdu. Bu qrupların uzun illər hakimiyyətə qarşı təbliğatının və cəmiyyəti manipulyasiya yönündə ən böyük arqumentləri əlindən alındı”.