Son yeniləmə: 1 Dekabr 2021 02:30
Bayraqdar.info – “Ötən il 44 günlük Vətən müharibəsində tarixi Zəfər əldə edən Azərbaycan regionda yeni reallıqlar yaradıb. Regionda sülhün və inkişafın əbədi olmasına xidmət edəcək bu reallıqlar artıq demək olar ki, bütün dünya tərəfindən qəbul edilir. Düzdür, Ermənistan hərdən revanşist əhval-ruhiyyəyə qapılaraq, bu reallıqlardan kənar addım atmaq istəyir. Lakin həm Soçi görüşü, həm də Aşqabad Toplantısı Ermənistanın bu cəhdlərinin hec bir nəticə verməyəcəyini bir daha ortaya qoydu”.
Bunu bayraqdar.info-ya özəl açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputat qeyd edib ki, noyabrın 28-də Aşqabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısı bir növ Soçi görüşündə Azərbaycanın əldə etdiyi uğurun dünyaya çatdırılması baxımından tribuna rolunu oynadı: “Toplantıdakı çıxışında cənab Prezident İlham Əliyev həm Ermənistanın işğal dövründə törətdiyi cinayətlərə bir daha diqqət yönəltdi, həmçinin Soçi görüşünün mərkəzində dayanan Zəngəzur dəhlizi ilə bağlı məlumat verdi. “İqtisadi Əməkdaşlıq Təşkilatının sonuncu Zirvə Toplantısında mən həmkarlarıma Zəngəzur dəhlizi haqqında məlumat vermişdim. Bu gün deyə bilərəm ki, Zəngəzur dəhlizi reallığa çevrilir. Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək. Əminəm ki, İƏT-ə üzv ölkələr bu dəhlizdən istifadə edəcəklər”, – deyən cənab Prezident bununla həm də Soşi görüşündə dəhlizlə bağlı önəmli nəticəyə gəlindiyinə dair bir mesaj vermiş oldu”.
Deputat qeyd edib ki, Aşqabad Toplantısı digər bir vacib məqamla bağlı da ölkəmiz üçün yaddaqalan və uğurlu oldu: “Belə ki, biz Azərbaycan Prezidentinin İƏT-də də “qurucu lider” kimi tanındığnın şahidi olduq. Hesab edirəm ki, bu da təsadüfi deyil. Belə ki, ərazilərin işgaldan azad olunmasından dərhal sonra Azərbaycanın bu torpaqlarda genişmiqyaslı yenidənqurma işlərinə başlaması, yalnız özünün maliyyə resurslarına arxalanaraq, sıfırdan yeni şəhər və kəndlər salması, Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji bölgələri elan edilməsi cənab Prezdentin qətiyyətinin, qurucu lider kimi fəaliyyətinin və Azərbaycan dövlətinin gücünün göstəricisidir”.