Press "Enter" to skip to content

Qazaxıstan Birinci Prezident Gününü qeyd edir

Elbaşı Nursultan Nazarbayev

Bayraqdar.info – Dekabrın 1-də qardaş Qazaxıstan Birinci Prezident Gününü qeyd edir. QazAqparat-ın verdiyi xəbərə görə, bu bayram 2012-ci ildən qeyd edilir.

2011-ci ilin 10 dekabrında Qazaxıstan Parlamentinin Senatı ölkədə bayramlarla bağlı qanuna əlavə edərək bu günü bayram kimi təsis edib.

Xatırladaq ki, Qazaxıstan SSR-in parlamentdə seçilmiş Prezidenti Nursultan Nazarbayev 1 dekabr 1991-ci ildə ümumxalq səsverməsi yoluyla ölkənin prezidenti seçilib. O, seçkinin qalibi olduqdan dərhal sonra ilk işi ölkənin adının dəyişdirilməsi olub. N.Nazarbayevin imzaladığı ilk qanun Qazaxıstanın adından Sovet Sosialist sözlərinin çıxarılması və Qazaxıstan Respublikası adının saxlanılması olub. Bunun ardından isə ölkənin parlamenti 16 dekabr 1991-ci ildə Qazaxıstanın müstəqilliyini elan edib.

Prezident İlham Əliyevdən təbrik

Yeri gəlmişkən, Prezident İlham Əliyev bu gün münasibətilə dekabrın 1-də Elbası Nursultan Nazarbayevə zəng edib. Xəbəri dekabrın 1-də Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.

“Dövlətimizin başçısı 30 il bundan əvvəl Qazaxıstanın ilk Prezidenti seçilən Nursultan Nazarbayevi Qazaxıstan Respublikasının Birinci Prezidenti Günü münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb. Prezident İlham Əliyev Nursultan Nazarbayevin müasir Qazaxıstan dövlətçiliyinin əsasını qoyduğunu vurğulayaraq qeyd edib ki, məhz onun müdrik siyasəti və yorulmaz fəaliyyəti nəticəsində ölkə müstəqillik qazandığı ilk günlərdən tarixi sınaqlardan çıxaraq bütün sahələrdə sürətli inkişaf yolu keçib, beynəlxalq aləmdə layiqli yerini tutub. Dövlətimizin başçısı Nursultan Nazarbayevlə xalqımızın ümummilli lideri Heydər Əliyev arasında dostluq əlaqələrinin ikitərəfli münasibətlərimizin möhkəm təməlini qoyduğunu vurğulayıb”, – deyə xəbərdə bildirilir.

Daha sonra qeyd edilir ki, “Təbrikə və xoş sözlərə görə dövlətimizin başçısına minnətdarlığını bildirən Nursultan Nazarbayev ümummilli lider Heydər Əliyevlə dostluğunu ehtiramla yad edərək qeyd edib ki, Ulu Öndərin müdrik və uzaqgörən siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu siyasət Azərbaycana bütün sahələrdə böyük nailiyyətlər qazandırıb. Nursultan Nazarbayev Vətən müharibəsində Azərbaycanın Qələbəsinin önəmini qeyd edib”.

Hər iki lider bundan sonra da iki ölkə arasında münasibətlərin inkişafına inandıqlarını qeyd edib.

Öz növbəsində N.Nazarbayev noyabrın 30-da helikopter qəzası nəticəsində hərbi qulluqçuların həlak olması ilə bağlı Prezident İlham Əliyevə başsağlığı verib.

Mission News Theme by Compete Themes.