Press "Enter" to skip to content

Laçın rayonu içməli su ilə təmin edilib

Son yeniləmə: 1 Dekabr 2021 10:55

Bayraqdar.info – İşğaldan azad olunmuş Laçın rayonunda “Azərsu” ASC tərəfindən təxirəsalınmaz tədbirlər görülərək hərbi və mülki təyinatlı obyektlərin su təchizatı təmin edilib.

Bu barədə bayraqdar.info-ya dekabrın 1-də “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahından verilən məlumata görə, Laçın rayonu işğaldan azad olunduqdan sonra içməli su təchizatı sistemlərinin operativ şəkildə bərpasına başlanılıb. Rayon ərazisində xidməti vəzifələrini yerinə yetirən şəxsi heyətin, eləcə də tikinti-quraşdırma işlərinə cəlb olunmuş mülki əhalinin dayanıqlı içməli su təminatı məqsədilə su mənbələri, magistral kəmərlər və anbarlarda zəruri işlər görülür.

Laçın rayonundakı içməli su mənbələri işğal dövründə istifadəyə yararsız vəziyyətə salındığından “Azərsu” ASC-nin mütəxəssisləri tərəfindən mənbələrə baxış keçirilib və bulaqlardan yaşayış məntəqələrinə suyun verilməsi qərara alınıb. Su mənbələrindən götürülən analizlər müsbət nəticələr verib. Bulaqlardan obyektlərə ümumilikdə 13 km uzunluğunda müxtəlif diametrli su xətləri çəkilib və ərazidə fəaliyyət göstərən obyektlər dayanıqlı içməli su ilə təmin olunub. Eyni zamanda, zərurət yarandıqda maşınlarla suyun daşınmasının təmin etmək üçün 3 nöqtədə sudoldurucu qüllələr quraşdırılıb. Hazırda Kəlbəcər Sukanal Sahəsi tərəfindən Laçın rayonuna xidmət göstərilir”.

O da qeyd edilir ki, “Azərsu” ASC tərəfindən Laçın rayonu ilə yanaşı, Şuşa və Kəlbəcər şəhərlərində, Hadrut, Talış və Suqovuşan qəsəbələrində də fasiləsiz xidmət təşkil olunub.

Mission News Theme by Compete Themes.