Press "Enter" to skip to content

KKTC-dən Azərbaycana başsağlığı

Son yeniləmə: 1 Dekabr 2021 00:46

Bayraqdar.info – Xəbər verdiyimiz kimi noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopteri qəzaya uğrayıb. Həmin qəza nəticəsində hərbi qulluqçuların həlak olması ilə bağlı dost və qardaş ölkələrdən başsağlığı mesajları gəlir.

Ersin Tatar: Can Azərbaycan xalqına və hökumətinə başsağlığı verir, səbr diləyirəm

Öz növbəsində Kuzey Kıbrıs Türk Cümhuriyyətindən də Azərbaycana başsağlığı verilib. KKTC mediasının yazdığına görə, Cümhurbaşqanı Ersin Tatar helikopter qəzasında həyatını itirənlərə görə Azərbaycan xalqına başsağlığı verib.

Yayımladığı başsağlığı mesajında E.Tatar 14 soydaşın ölüm xəbərinin böyük kədərə səbəb olduğunu ifadə edərək deyib: “Bu faciəli qəzada həyatını itirən azərbaycanlı qardaşlarımıza Allah rəhmət eləsin. Onların kədərli ailələrinə, can Azərbaycan xalqına və Azərbaycan hökumətinə öz adımdan və dövlətim adından başsağlığı verir, səbr diləyirəm”.

Faiz Sucuoğlu: Azərbaycan xalqının dərdini ürəkdən bölüşürəm

KKTC-nin Baş naziri Faiz Sucuoğlu da Azərbaycanda helikopter qəzasında şəhid olanlara görə başsağlığı verib.

Baş nazir mesajında deyib: “Dost və qardaş ölkə Azərbaycanda Dövlət Sərhəd Xidmətinə məxsus helikopterin qəzaya uğraması xəbərini böyük kədər hissi ilə öyrəndim. Bu kədərli hadisədə əksəriyyəti rütbəli 14 hərbçinin şəhid, 2 əsgərin yaralanması ilə əlaqədar dost ölkə Azərbaycan xalqının dərdini ürəkdən bölüşür, itirdiyimiz şəhidlərimizə Allahdan rəhmət, yaralananlara şəfalar diləyirəm. Bütün azərbaycanlı qardaşlarımıza başsağlığı və səbr diləyirəm”.

Dursun Oğuz: Şəhidlərə Allahdan rəhmət, yaralananlara tezliklə şəfa diləyirəm

KKTC-nin maliyyə naziri Dursun Oğuz da Azərbaycanda hərbi helikopterin qəzaya uğraması nəticəsində həyatını itirənlərin yaxınlarına başsağlığı verib.

Dursun Oğuz mesajında “Təlim zamanı Azərbaycan ordusuna aid hərbi helikopterin qəzaya uğradığını böyük kədər hissi ilə öyrəndim. Bu faciəvi qəzada şəhid olan qardaşlarımıza Allahdan rəhmət, yaralananlara tezliklə şəfa diləyir, qardaş Azərbaycan xalqına başsağlığı verirəm”, – deyə bildirib.

Erhan Arıklı: Dost və qardaş Azərbaycanın bu ağrısını dərindən paylaşırıq

Azərbaycana başsağlığı verənlər arasında Yenidən Doğuş Partiyasının (YDP) genel başqanı Erhan Arıklı da var. Erhan Arıklı 14 nəfərin şəhid olduğu hadisə ilə bağlı yayımladığı mesajda “Dost və qardaş Azərbaycanın bu ağrısını dərindən paylaşır, Allah-Təaladan əsgərlərimizin şəhadətinin qəbul olmasını diləyirik”, – deyib.

Mission News Theme by Compete Themes.