Press "Enter" to skip to content

“İrəvan Xanlığı bölgə mətbəxi”nin daha bir beynəlxalq uğuru

Son yeniləmə: 1 Dekabr 2021 11:25

Bayraqdar.info – “İrəvan Xanlığı bölgə mətbəxi” kitabı daha bir beynəlxalq uğur qazanıb. Belə ki, bu kitab Parisdə keçirilən “Gourmand Awards” beynəlxalq kulinariya kitabları müsabiqəsində I yeri tutub.

“İrəvan Xanlığı bölgə mətbəxi” kitabı beynəlxalq müsabiqənin “Əyalət mətbəxi” nominasiyasında “Dünyanın ən yaxşı kulinariya kitabı” mükafatına layiq görülüb. Bu barədə Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM) Baş direktor müavini Ceyran Əsgərova bildirib. Qeyd olunub ki, bu, AMKM-in “Gourmand Awards” beynəlxalq müsabiqəsində qazandığı üçüncü qalibiyyətdir. İndiyədək mərkəzin bu müsabiqədə “Azərbaycan kulinariyası” (2017) və “Dolmalar” (2019) kitabları ən yaxşı kitablar mükafatlarına layiq görülüblər.

O da vurğulanıb ki, Parisdəki tədbir çərçivəsində təşkil olunan Azərbaycan guşəsində “İrəvan Xanlığı bölgə mətbəxi”, “Azərbaycan kulinariyası”, “Dolmalar”, “Qastrosofiya” kitabları və milli şirniyyat nümunələri nümayiş etdirilib. AMKM-in milli geyimli təmsilçiləri tədbir iştirakçılarını Azərbaycan şirniyyatlarına qonaq edib.

AMKM-in Baş direktoru Tahir Əmiraslanov bildirib ki, mərkəzin komandası beynəlxalq tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə iştirak edib: “Bizim qələbəmizdə Diasporla İş üzrə Dövlət Komitəsinin çox böyük payı var”.

Qeyd edilib ki, T.Əmiraslanovun rəhbərliyi ilə hazırlanan “İrəvan Xanlığı bölgə mətbəxi” kitabı 2020-ci ildə nəfis şəkildə “TEAS Press” nəşriyyat evi tərəfindən çap edilib: “Kitabın hazırlanması ilə bağlı işə Azərbaycan Prezidenti İlham Əliyevin müxtəlif vaxtlarda səsləndirdiyi “İrəvan, Ermənistan ərazisi bizim dədə-baba torpaqlarımızdır” ifadəsinə cavab olaraq başlanılıb. AMKM bu məqsədlə əslən İrəvan bölgəsindən zaman-zaman didərgin düşmüş soydaşlarımızı müxtəlif tədbirlərə cəlb edib, 1500 nəfərdən müsahibə alıb, bir çox tarixi, etnoqrafik, digər elmi mənbələri araşdırıb,“Xanədan” etno restoranında İrəvan mətbəx günləri keçirib və İrəvan xanlığı guşəsi yaradıb. Nəticədə 413 xörək nüsxəsi toplanıb, onların texnoloji təhlili aparılıb, düsturlar texnoloji, tarixi, coğrafi, etnoqrafik cəhətdən dəqiqləşdirilib, təcrübədə hazırlanıb və şəkilləri çəkilib.Irəvan mətbəxinə aid tədqiqatlar kitabda 74 səhifədə, xörək düsturları isə 389 səhifədə yer alıb.Kitabda 220 xörəyin, yemək, şirniyyat, çörək məmulatlarının, içkilərin və s. şəkli verilib”.

Kitabın müəllifləri tarix üzrə fəlsəfə doktoru, professor, Əməkdar mədəniyyət işçisi, AMKM-in Baş direktoru Tahir Əmiraslanov, AMKA-nın fəxri üzvü, Əməkdar mədəniyyət işçisi Oruc Əliyev və AMKM-in baş texnoloqu, Respublika Gənclər Mükafatı laueratı Aygül Əsgərovadır. Kitaba ön sözü nəşrin elmi redaktoru, AMEA-nın Arxeologiya və Tarix İnstitutunun direktoru, professor Maisə Rəhimova, filologiya üzrə fəlsəfə doktoru Qivami Rəhimli yazıb, rəyi tarix elmləri üzrə fəlsəfə doktoru, Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Tahir Şahbazov verib. Kitab çapa AMKM-in Elmi Şurası tərəfindən məsləhət görülüb.

Ekspertlər hesab edirlər ki, bu kitab Azərbaycan milli mətbəxinin ermənilər tərəfindən özününküləşdirilməsinə, mətbəx və mətbəx tarixinin mənimsənilməsinə qarşı güclü təbliğat vasitəsi kimi əsaslı mənbə və təbliğat silahı kimi istifadə edilə bilər.

Mission News Theme by Compete Themes.