Son yeniləmə: 1 Dekabr 2021 10:06
Bayraqdar.info – Dünyanın ən məşhur şahmatçılarından olan Ermənistanlı qrosmeyster Levon Aronyan bundan sonra ABŞ bayrağı altında çıxış edəcək. FIDE-nin saytında artıq bu haqda bilgilər yenilənib. L.Aronyan rəsmən ABŞ Şahmat Federasiyasını təmsil edir və 2 min 771 balla beynəlxalq sıralamada 8-ci yeri tutur.
Bu haqda xəbəri dekabrın 1-də Sputnik Armenia yayıb.
Xəbərdə deyilir ki, üçqat olimpiya çempionu olan L.Aronyan öz seçimini “şahmat sahəsinə soxulmuş naşı dövlət xadimləri” və dövlət tərəfindən dəstəyin dayandırılmasıyla əlaqələndirib. O, Ermənistan dövlətinin nəinki qayğısını, ümumiyyətlə diqqətini belə hiss etmədiyindən şikayətlənib. L.Aronyan öz ölkəsində qalmağın perspektivsiz olduğunu gördüyü üçün xaricə üz tutmalı olub.
Əlavə edək ki, özəlliklə də 44 günlük Qarabağ savaşındakı biabırçı məğlubiyyətdən sonra ermənilər kütləvi şəkildə Ermənistanı tərk edib nicatı başqa ölkələrdə axtarırlar. Təkcə Rusiyaya son bir il ərzində on minlərlə erməni daşınıb və hətta orada vətəndaşlıq alaraq Ermənistanla birdəfəlik üzülüşüb. L.Aronyan da ölkəsinin perspektivini görmədiyi üçün ABŞ-da yaşamağı seçib.