Son yeniləmə: 1 Dekabr 2021 13:28
Bayraqdar.info – Gənclər və İdman Nazirliyi, Müdafiə Nazirliyi, Sabunçu Gənclər Evi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və Mübarizlər Vətənpərvərliyə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə Şanlı qələbənin ildönümünə və şəhidlərin müqəddəs xatirəsinə həsr olunan “Dəmir Yumruq” hərbi- vətənpərvərlik layihəsinə başlanılıb.
Xəbər bayraqdar.info-ya Gənclər və İdman Nazirliyndən verilib.
İlk təlimdə gənc iştirakçılar əsgərin gündəlik həyatı, nizam-intizam, XTQ kəşfiyyat, döyüş əməliyyatı taktikası və hücum növlərini öyrəniblər. “N” saylı hərbi hissədə təşkil olunan infoturda hərbi tibb məntəqələri ilə və əsgərlər üçün yaradılmış yüksək şərait və imkanlarla yaxından tanış olublar.
“Daha sonra “N” saylı hərbi hissədə ikinci vətən müharibəsi şəhidlərinə və qafqaz islam ordusu şəhidlərinə həsr olunan abidələr ziyarət edilib. Həmçinin nəzəri və praktiki hissədən ibarət istehkam təlimi keçirilib. Minalar, onun növləri, xüsusiyyətləri haqqında məlumat verilib. Praktiki hissədə ikinci Vətən müharibəsi iştirakçıları, müddətdən artıq hərbi qulluqçular və xidmətdə olan əsgərlər tərəfindən düşmən ərazisinin minadan təmizlənməsi baş tutub.
“Gənclər növbəti gün düşmən ərazisinə keçid, maskalanma, düşmən tərəfindən müxtəlif hücumlara qarşı görüləcək tədbirlər təlimi ilə öyrəndiklərini təkmilləşdiriblər. Bunlarla yanaşı öz sahəsinin mütəxəssislərindən kəşfiyyat və fövqəladə hal zamanı göstəriləcək ilkin tibbi yardım haqqında öyrəniblər. Praktiki olaraq Sabunçu Gənclər Evində tətbiq ediblər.
“Layihənin məqsədi parlaq Vətən müharibəsi zəfərindən sonra hərbi-vətənpərvərlik istiqamətində layihələrin daha da genişləndirilməsi, gənclərin hərbi biliklərinin artırılması, onların döyüş hazırlığının yüksək dərəcədə saxlanılması, həmçinin hərbi xidməti hələ keçməmiş gənclərə zəruri məlumatların nəzəri və praktiki şəkildə ötürülməsidir.
“44 gün ərzində iştirakçılara hərb haqqında ilk təsəvvür, silahlarla tanışlıq və atış dərsləri, hərbi Nizamnamə və rütbələr, ərazidə hərəkət, minadan qorunma, kəşfiyyat, ilkin tibbi yardım, mühəndis İstehkam, əlbəyaxa döyüş, silahdan müdafiə, ideoloji və psixoloji hazırlıq təlim və fəaliyyətlər keçiriləcək.
“Təlim və kurslar Sabunçu Gənclər Evində, “N” saylı hərbi hissədə, atış meydanlarında və açıq hava məkanlarında olmaqla həftənin şənbə və bazar günləri keçiriləcək”, – deyə xəbərdə bildirilir.