Press "Enter" to skip to content

Bertan Zaroğlu bu dəfə də UBP-dən namizəd olacaq

Bertan Zaroğlu

Son yeniləmə: 1 Dekabr 2021 11:18

Bayraqdar.info – Gələn il yanvarın 23-də Kuzey Kıbrıs Türk Cümhuriyyətində növbədənkənar parlament seçkiləri keçiriləcək. Artıq bu ölkədəki partiyalar növbədənkənar parlament seçkilərinə hazırlığa başlayıblar.

Qeyd edək ki, bayraqdar.info olaraq bu hazırlıqla bağlı ayrı yazı təqdim edəcəyik. Amma bu dəfə birbaşa seçki ilə bağlı maraqlı bir məqama toxunmaq istərdik.

Belə ki, müstəqil millət vəkili, bir müddət öncə təsis qurultayı keçirilən Millət Partiyasının qurucusu Bertan Zaroğlu bu günlərdə Baş nazir və Ulusal Birlik Partiyasının (UBP) Genel başqanı Faiz Sucuoğlu ilə görüşüb.

Bertan Zaroğlu UBP ilə razılaşdı

Görüş barədə Cyprus Post-a danışan B.Zaroğlu Baş nazir F.Sucuoğlu ilə razılaşdıqlarını bildirib. Bəlli olub ki, həmin razılığa əsasən B.Zaroğlu yanvarın 23-də keçiriləcək seçkilərdə UBP üzvü kimi Lefkoşadan namizəd olacaq.

O, müsahibəsində UBP-yə üzv olmaq üçün 15 gün əvvəl baş nazir F.Sucuoğlu tərəfindən təklif aldığını bildirib. Baş nazirlə görüş zamanı da bu təkliflə bağlı müsbət nəticə əldə olunduğu vurğulanıb.

Millət Partiyası siyasi səhnədə cəmi 12 gün qaldı

KKTC-də ilk qadın partiya sədri

Bu xəbərdə digər bir maraqlı məqam isə 18 noyabrda təsis qurultayı keçirilən Millət Partiyası ilə bağlıdır. O mənada ki, B.Zaroğlu Millət Partiyası olaraq UBP-yə keçməyə yekdilliklə qərar verdiklərini açıqlayıb və “Faiz Sucuoğlu ilə razılığa gəldik. Kvota namizədi kimi Lefkoşadan namizədliyimi irəli sürəcəyəm”, – deyib.

Onu da xatırladaq ki, ötən seçkilərdə Yenidən Doğuş Partiyasında Lefkoşa millət vəkili seçilən B.Zaroğlu sonradan bu partiya ilə yollarını ayırdı.

Beləliklə, görünən odur ki, 18 noyabrda təsis qurultayı keçirilən, siyasətə böyük səs-küylə, iddialarla gəldiyini elan edən Millət Partiyasının ömrü cəmi 12 gün oldu. Xatırladaq ki, həmin qurultayda partiyanın Genel bsaşqanı Rüyam Karaca seçilmişdi. Bu da onun KKTC tarixinə ilk qadın partiya sədri kimi düşməsi demək idi. Amma anlaşılan budur ki, Millət Partiyası kimi onun da Genel başqanlığı cəmi 12 gün çəkdi.

2 Comments

Comments are closed.

Mission News Theme by Compete Themes.