Son yeniləmə: 30 Noyabr 2021 13:17
Bayraqdar.info – “Sivilizasiya irsi; ortaq keçmiş və ortaq gələcək” layihəsi Azərbaycanın paytaxtı Bakıda keçiriləcək tanıtım proqramı ilə başlayır. Qeyd edək ki, layihə Yunus Emre İnstitutunun təşkilatçılığı ilə İstanbul Beynəlxalq Mədəniyyət Araşdırmaları Dərnəyinin (MEDAR) sədri Prof. Bəkir Karlıağa tərəfindən hazırlanıb.
Bu barədə bayraqdar.info-ya noyabrın 30-da Bakı Yunus Emre İnstitutundan məlumat verilib: “Azərbaycanla ortaq dil, ortaq mədəniyyət və xüsusi sevgi bağımızdan ötrü ilk addımı Bakıda atılan layihənin bir il ərzində Mərakeş, İran, Qazaxıstan, Özbəkistan, Moskva, Nyu-Yorkda keçirilməsi planlaşdırılır”.
Layihənin bağlanış proqramının isə Parisdə keçirilməsi nəzərdə tutulur: “Sahib olduğumuz zəngin sivilizasiya təcrübəsini və onun əsaslandığı bənzərsiz dəyərləri bütün dünyaya, xüsusilə türklərin sıx yaşadığı Qərb cəmiyyətlərinə tanıtmaq məqsədi daşıyan Sivilizasiya şüuru fəaliyyətləri çərçivəsində – “Sivilizasiya irsi” sərgisi, “Sivilizasiya şüuru” paneli, “Sivilizasiya alimi Biruni”, “Sivilizasiya mütəfəkkiri Farabi” və “Sivilizasiya nehri” sənədli filmlərinin nümayişi keçiriləcək”.
Bildirilib ki, layihənin rəsmi təqdimatı dekabrın 3-də Bakıda Beynəlxalq Muğam Mərkəzində baş tutacaq. Həmin gün “Sivilizasiya irsi” sərgisinin açılışından sonra “Sivilizasiya alimi Biruni” sənədli filmi ilk dəfə nümayiş etdiriləcək.
Daha sonra Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Aparat Rəhbəri Dr. Vasif Eyvazzadənin moderatorluğu ilə “Sivilizasiya şüuru” mövzusunda panel keçiriləcək. Panel ölümünün 700-cü ildönümündə böyük türk şairi Yunus Emrenin misralarında əks etdirilən və 7 əsrdir türk cəmiyyətinin ruhuna həkk olunmuş sevgi, sülh, tolerantlıq və insanlıq anlayışına əsaslanan plüralizm və birgəyaşayış təcrübəsini diqqət mərkəzinə çəkərək günümüzə daşımaq məqsədi ilə təşkil edilir.
Paneldə, eyni zamanda Sivilizasiyalar İttifaqı Türkiyə Koordinasiya Şurasının sədri Prof. Bəkir Karlıağa, 23-cü Dövr AK Parti Düzce millət vəkili Prof. Celal Erbay və MEDAR İdarə Heyətinin üzvü Vəkil Əhməd Selamet iştirak edəcək.