Press "Enter" to skip to content

Qırğızıstanda seçkilərin nəticələri dəqiqləşdirilir

Cogorku Keneş

Bayraqdar.info – Xəbər verildiyi kimi, noyabrın 28-də Qırğızıstan Cogorku Keneşinə (parlamentinə) seçkilər keçirilib. Seçkilər başa çatar-çatmaz bəzi siyasi qüvvələr nəticələrə süni müdaxilə edildiyi iddiasıyla çıxış edib. Bunu nəzərə alaraq ölkə Prezidenti Sadır Caparov hər kəsi Allaha ümid bağlamağa çağırıb və bir daha bəyan edib ki, hər hansı müdaxilədən söhbət gedə bilməz. “Əgər belə bir müdaxilə olarsa, mütləq aşkar ediləcək və səbəbkarlar cəzalanacaq”, – deyə Prezident bəyan edib.

Qırğızıstan Prezidenti: Adamlardan deyil, Allahdan qorxun

Hələlik nəticələr rəsmən tam elan edilməsə də noyabrın 30-u axşama doğru müəyyən konturlar haqqında danışmaq olar.

Qırğızıstanın AKIPress agentliyinin xəbərinə görə, qeyd olunan tarixə 5 faizlik seçim həddini seçkidə iştirak edən 16 partiyadan hələlik 7-si keçib: Ata Curt Kırgızstan, Intımak, İşenim, Iyman Nuru, Alyans, Bütün Kırgızstan və El Ümütü. Bu 7 partiya proporsional sistem üzrə ümumilikdə 54 mandata sahib olur.

Yerdə qalan 36 mandat isə majoritar sistem üzrə ölkənin 36 seçki dairəsində qalib gəlmiş fərdi namizədlərə qismət olub.

Qeyd edək ki, Ata Curt Kırgızstan 14,77 faiz səslə partiyalar arasında liderlik edir və bu faiz təsdiqlənərsə parlamentdə 15 deputatla təmsil olunacaq.

Qırğızıstan Keneşinin tərkibini 90 nəfər deputat təşkil edir ki, onların 54-ü proporsional, 36-sı isə majoritar yolla seçilir.

Mission News Theme by Compete Themes.