Son yeniləmə: 30 Noyabr 2021 12:04
Bayraqdar.info – Dahi Nizami ölməz və bənzərsiz əsərlərində ülvi hissləri, humanizm, xeyirxahlıq, ədalət kimi nəcib keyfiyyətləri tərənnüm edir. Onun əsərləri Azərbaycan və dünya ədəbiyyatını misilsiz töhfələrlə zənginləşdirib.
Bu fikirlər Polşanın paytaxtı Varşava şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə keçiirlən təntənəli tədbir zamanı səslənib. Tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və ölkəmizin Polşadakı səfirliyinin təşkilatçılığı ilə baş tutub.
Komitədən bayraqdar.info-ya noyabrın 10-da verilın məlumat görə, tədbirdə Polşa ictimaiyyətinin tanınmış şəxsləri, diplomatik korpusun, Azərbaycan diasporunun və yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Mərasimdə Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Günay Əfəndiyeva, Polşa Elmlər Akademiyasının rəhbəri Jejı Duşınskinin çıxış edib. Natiqlər dünya ədəbiyyatının parlaq nümayəndəsi olan Nizami Gəncəvinin həyatından, yaradıcılığından və fəlsəfi aspektlərindən danışıblar.
Tədbir zamanı Nizami Gəncəvinin polyak dilində “Kağıza incitək sözlər düzən Şahlar Şahıyam” kitabı və poçt markaları təqdim olunub. Kitab və poçt markaları Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan Milli Elmlər Akademiyası, Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycanın Polşadakı səfirliyinin birgə əməkdaşlığı çərçivəsində ərsəyə gəlib.
Kitabın təqdimatını Polşa Yazıçılar Birliyinin sədri Anna Naşilovska, poçt markalarının təqdimatını isə “Poczta Polska” Səhmdar Cəmiyyətinin Beynəlxalq Əməkdaşlıq və Ticarət Şöbəsinin rəhbəri Kşiştof Gurski ediblər.
“Kağıza incitək sözlər düzən Şahlar Şahıyam” kitabında yer alan şəkillərdən ibarət sərginin nümayiş olunduğu tədbir konsert proqramı ilə yekunlaşıb. Konsertdə Vyanada yaşayan pianoçu, bəstəkar, dirijor, beynəlxalq müsabiqələr laureatı Abuzər Manafzadə, vokalçı Karen Danqer-Manafzadə və başqaları çıxış ediblər.