Press "Enter" to skip to content

Mətbuat Şurasında “Xalq cəbhəsi” qəzetinin 20 illiyi

Mətbuat Şurasında tədbir

Son yeniləmə: 30 Noyabr 2021 18:49

Bayraqdar.info – Noyabrın 30-da Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə “Xalq cəbhəsi” qəzetinin fəaliyyətə başlamasının 20 illiyinə həsr olunmuş toplantı keçirilib.

Bu barədə xəbər noyabrın 30-da bayraqdar.info-ya Mətbuat Şurasından verilib.

Yubiley tədbirində MŞ sədri Əflatun Amaşov bildirib ki, “Xalq cəbhəsi” qəzeti 20 il öncə partiya təmayüllü mətbuat orqanı statusunda yaransa da, özünü milli qəzet kimi təsdiqləyib. Nəşrin səhifələrində milli məfkurə saflığı, türkçülük ideyları, azərbaycançılıq vəhdətdə götürülüb. Ən əsası isə qəzet Azərbaycanın bütövlüyü ideyasına məxsusi yanaşma və çalarlar ortaya qoymağı bacarıb. Cənub mövzusu onun səhifələrində daha dolğun və sistematik şəkildə oxuculara çatdırılıb. Qəzet mövcud müstəvidəki əks-meyllərə qarşı ideoloji mübarizə əzmini də nümayiş etdirməklə püxtələşib: “Bu günün “Xalq cəbhəsi” qəzeti peşəkar komandaya malik ümummilli məsələləri, dövlət maraqlarını, xalqın və millətin mənafelərini üstün tutan yaradıcılıq mərkəzidir. Belə bir yüksək mövqeyə sahiblik illərin zəhmətinin bəhrəsidir. 15 ildir qəzetə istedadlı həmkarımız, şair, publisist və siyasi xadim, politoloq Elçin Mirzəbəyli rəhbərlik edir. Onun başçılığı ilə qəzet müasir dövrün tələblərinə xas şəkildə fəaliyyətdədir. Nəşr artıq media qrupu formatına uğurlu keçidə imza atıb. Bunlar isə bütövlükdə Azərbaycanın mətbuat ənənələrinə verilən dəyərin, yazıb-yaratmaq, cəmiyyət üçün faydalı olmaq arzusunun təzahürüdür. Və bütün bunlara görə Azərbaycan Mətbuat Şurası “Xalq cəbhəsi” qəzetini fəxri diploma layiq görüb”, – deyən Ə.Amaşov diplomu qəzetin baş redaktoru, MŞ İdarə Heyətinin üzvü Elçin Mirzəbəyliyə təqdim edib.

“MŞ İdarə Heyətinin üzvü, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu bildirib ki, Azərbaycanda müstəqillik dövrünün mətbuatı xalq hərəkatına bağlı, özünün təməlini bu hərəkatdan götürən mətbuatdır. 20 yaşını qeyd edən “Xalq cəbhəsi” qəzetinin də qayəsində xalq hərəkatının elan etdiyi prinsip və dəyərlərə sayğı və ehtiram dayanır. R.Arifoğlu media sahəsindəki qlobal transformasiya dövründə “Xalq cəbhəsi”nə daha uzun yayım ömrü arzulayıb.

Mətbuat Şurasında görüş

“MŞ İdarə Heyətinin üzvü, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev siyasi təbəqələşmənin cəmiyyətə hakim kəsildiyi bir vaxtda meydana çıxmış “Xalq cəbhəsi” qəzetinin firqə maraqları ilə yanaşı, ümumxalq və dövlət maraqlarını da müdafiə etdiyini xatırladıb. O deyib ki, nəşrdəki işə peşəkar yanaşma tərzi jurnalistikanın prinsiplərini hər zaman ön planda saxlayıb. A.Quliyev onu da bildirib ki, baş redaktor E.Mirzəbəyli medianın müasir çağırışlarına adekvat cavab verilməsi ehtiyacını inamla doğruldan rəhbərdir və “Xalq cəbhəsi”nin uğurlarında böyük pay sahibidir.

““Xalq cəbhəsi” qəzetinin yarandığı dövrün xüsusiyyətlərinə diqqət yetirən MŞ İdarə Heyətinin üzvü, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı vurğulayıb ki, 20 illiyini qeyd edən nəşr partiya prinsipləri ilə peşəkar media dəyərlərini vəhdətdə tutmağın örnək nümunəsidir. O, baş redaktor E.Mirzəbəylinin malik olduğu yüksək keyfiyyətlərin qəzetin yaradıcılıq kursuna da təsir göstərdiyini vurğulayaraq “Xalq cəbhəsi”nə yeni-yeni uğurlar arzulayıb.

“MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli bildirib ki, mediada texnoloji yeniliklərin tətbiqinin geniş vüsət aldığı, ənənəvi medianın onlayn mediaya transformasiyasının labüd proses kimi diqqət çəkdiyi indiki dövrdə dəyişməyən bir meyar var ki, o da peşəkarlıqdır. “Xalq cəbhəsi” ötən müddətdə məhz bu meyara sadiqlik nümayiş etdirib.

““Olaylar” qəzetinin və eyni adlı informasiya agentliyinin rəhbəri, yazıçı-publisist Yunus Oğuz partiya təmayüllü nəşrdə yaradıcılıq sərbəstliyinin mövcudluğunu böyük mənəvi divident kimi xarakterizə edib”, – deyə xəbərdə qeyd edilir.

Daha sonra “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal, “Elçi” qəzetinin baş redaktoru Əli Həziquliyev, “Novaya vremya” qəzetinin baş redaktoru Şakir Ağayev, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu, “İki sahil” qəzetinin baş redaktor müavini İsmayıl Hacıyev, Lent.az saytının baş redaktoru Hafiz Heydərov, MŞ-nin icraçı katibi Şəmsəddin Əliyev, “Xalq cəbhəsi” Media Qrupuna daxil olan Axctv.az saytının baş redaktoru Niyaməddin Orduxanlı, “Xalq cəbhəsi” qəzetinin redaktoru Arzu Şirinova və digərləri də qəzetin 20 illik yubileyini təbrik ediblər.

“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli

“Sonda baş redaktor E.Mirzəbəyli “Xalq cəbhəsi” qəzetinə verilən dəyərdə onun hər bir əməkdaşının payının olduğunu bildirib. O deyib ki, çətin transformasiya dövründə nəşrin bütün imkanlardan istifadə edə bilir və bunun kökündə qəzetçilik ənənələrinə sadiqlik dayanır. “Xalq cəbhəsi” isə ilk növbədə ənənələri qoruyan strukturdur. E.Mirzəbəyli çıxışında həmçinin toplantı iştirakçılarına öz adından və rəhbərlik etdiyi qəzetin kollektivi adından təşəkkürünü bildirib”, – MŞ-dən verilən xəbərdə belə deyilir.

Mission News Theme by Compete Themes.