Press "Enter" to skip to content

Hulusi Kılıç: Zəngəzur dəhlizi regionun iqtisadi inkişafına xidmət edəcək

Hulusi Kılıç

Son yeniləmə: 30 Noyabr 2021 00:12

Bayraqdar.info – “Zəngəzur dəhlizi məsələsi cənab Prezident İlham Əliyev tərəfindən Aşqabadda bir daha dilə gətirildi. Eyni zamanda sayın Cümhurbaşqanı Recep Tayyip Erdoğan da öz çıxışında bu məsələdə dəstəyini bir daha bəyan etdi”.

Bunu İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Aşqabadda keçirilən XV Zirvə Toplantısı barədə dəyərləndirmə edən Türkiyənin ölkəmizdəki sabiq səfiri Hulusi Kılıç deyib.

Bayraqdar.info-ya özəl açıqlamasında sabiq səfir bildirib ki, Aşqabad Toplantısı bir növ Soçidə Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan tərəfindən ortaya qoyulan qətiyyətli mövqeyin və imzalanan bəyanatda bu mövqeyin öz əksini tapmasının beynəlxalq birliyə çatdırılması baxımından tribuna rolunu oynadı: “Bildiyimiz kimi cənab Prezdent İlham Əliyev bundan öncəki görüşlərdə, toplantılarda olduğu kimi Soçidəki çıxışında da bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasının vacibliyini bəyan etdi. Məhz bu konteksdə noyabrın 26-da imzalanan bəyanatda bu məqamın əks olunması isə Azərbaycanın növbəti uğurudur”.

H.Kılıç deyib ki, Aşqabaddakı Toplantıda bu uğur barədə məlumat verilməklə yanaşı, Zəngəzur dəhlizinin İƏT üzv ölkələri üçün də əhəmiyyəti qeyd edildi: “Bir sözlə, Soçi görüşündən sonra Prezident İlham Əliyevin İƏT tribunasından da Zəngəzur dəhlizinin artıq reallığa çevrilməsini bəyan etməsi xüsusi önəm kəsb edir. Çünki artıq bu təşkilatda təmsil olunan ölkələr və dolayısı ilə dünya birliyi prosesin hansı məcrada inkişaf etdiyindən xəbərdar oldu. Eyni zamanda, bu yeni nəqliyyat infrastrukturunun Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcəyi, İƏT-ə üzv ölkələrin də bu dəhlizdən böyük fayda götürəcəyi bəlli oldu”.

Müsahibimiz vurğulayıb ki, aparılan uğurlu siyasət nəticəsində Azərbaycan son illər faktiki olaraq Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib: “Zəngəzur dəhlizinin reallaşması isə regionun nəqliyyat sektorunda yeni imkanlar yaradacaq. Bir sözlə, buna sıradan bir dəhliz kimi yanaşmaq olmaz. Zəngəzur dəhlizi həm də Şimalla Cənub, Şərqlə Qərb arasında dərin təməlli əlaqələr yaradan və regionun iqtisadi inkişafına xidmət edəcək körpü rolunu oynayacaq. Ümumilikdə Zəngəzur dəhlizi dünya üçün də önəm kəsb edir”.

Müsahibimizin sözlərinə görə, Aşqabad Toplantısı, eyni zamanda Azərbaycanın diqqət mərkəzində olmasının növbəti təsdiqi idi: “Ərazilərin azad olunmasından dərhal sonra Azərbaycanın bu torpaqlarda genişmiqyaslı yenidənqurma işlərinə başlaması, yalnız özünün maliyyə resurslarına arxalanaraq, sıfırdan yeni şəhər və kəndlər salması, Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji bölgələri elan edilməsi Azərbaycanın qətiyyətinin və gücünün nümayişidir. Bütün bunların fonunda Azərbaycan Prezidentinin İƏT-də də “qurucu lider” kimi tanındığını da qeyd etməyi özümə borc bilirəm”.

Mission News Theme by Compete Themes.