Press "Enter" to skip to content

Ailə həkimi ailənin dostu olacaq – ÖNƏMLİ

İlham Məmmədov

Son yeniləmə: 30 Noyabr 2021 17:58

Bayraqdar.info – Son zamanlarda gündəmi məşğul edən məsələlərdən biri də ailə həkimi institutu ilə bağlıdır. Artıq ailə həkimi institutunun formalaşdırılması istiqamətində pilot layihələr də həyata keçirilib. Yevlax, Mingəçevir və Ağdaşda ailə həkimi ilə bağlı ilkin addımlar atılıb.

Bəs ailə həkimi anlayışı nə deməkdir? Kimlər ailə həkimi ola bilər? Ailə həkiminin funksiyası, işi nədən ibarətdir? Vətəndaşlar onlara hansı hallarda müraciət edə bilərlər?

Bayraqdar.info-nun bütün bu suallarına Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, millət vəkili İlham Məmmədov cavab verir:

-Ailə həkimi anlayışı bu gün ölkədə tətbiq olunan icbari tibbi sığortanın əsas tərkib hissəsidir. Ailə həkimi institutu olmadan icbari tibbi sığortanı təsvir etmək mümkün deyil. Məsələn, biz buna tibbi texnologiyanın ən yüksək səviyyədə olduğu Koreyanı misal göstərə bilərik. Koreyada ilkin səhiyyə xidməti göstərilmədən xəstə birbaşa xəstəxanaya müraciət edir. Bu da səhiyyə sisteminin olduqca yüklənməsinə gətirib çıxarır. Bizim ölkədə icbari tibbi sığorta yarandığı gündən əsas vurğu məhz ailə həkiminin üzərində cəmləşib. İlk bu layihə mənim də millət vəkili olduğum Yevlax şəhərində tətbiq olunub. Yevlax və Mingəçevirdə, bundan 1 il sonra isə Ağdaşda bu ilk pilot layihə təqdim edilib.

Həmin rayonlarda Ailə Sağlamlıq Mərkəzi yaradılıb. Əvvəl uşaq və böyüklər üçün poliklinikalar var idi. Bütün bunlar birləşdi. Sahə həkimləri ailə həkimləri funksiyasını həyata keçirməyə başladılar.

Əslində, ailə həkimi terapiyanı, nevropatologiyanı, pediatriyanı, travmatologiyanı və tibbin bütün sahələrini bilən həkim olmalıdır. Bunun üçün qonşu Türkiyə ən gözəl nümunədir. Orada ali baza tibb təhsili sahəsində hazırlanan həkimlər rezidenturanı davam etdirərək ailə həkimi kimi formalaşırlar. Ucqar yerlərdə tibbi xidməti də məhz onlar göstərir. Türkiyədə səhiyyə sisteminə kömək göstərmək məqsədilə, tutaq ki, ucqar bir kənddə bələdiyyə ailə həkiminin maaşını təmin edir.

Ölkədə 7 min həkim çatışmazlığı var

-İlham müəllim, dediyinizdən belə anlaşılır ki, ailə həkimi tibbin bütün sahələrindən xəbərdar olmalıdır. Azərbaycanda nə qədər belə həkim var?

-Ailə həkimləri hazırlanmalıdır. Artıq Tibb Universitetində bu sahə ilə bağlı kafedra var və rezidentura fəaliyyətinə başlayıb. Yəni ilkin tibb bazası təhsili olan həkimlər ixtisaslaşaraq ailə həkimi ola bilirlər. Ölkədə bu sahədə kadr çatışmazlığı mövcuddur. Hazırda 7 min həkim çatışmazlığı var. Bizim ucqar dağ kəndlərində, dağ rayonlarında həkim çatışmır.

Ailə həkimi institutunun hüquqi bazasının da formalaşması üçün Milli Məclisin Səhiyyə Komitəsində iş aparılır. Bu özü səhiyyənin əlçatanlığını təmin edən, xüsusən də icbari tibbi sığortanın tətbiq olunduğu ölkələrdə ən böyük amillərdən biridir. Təbii ki, ailə həkimi haqqında parlamentdə müzakirələr və dinləmələr də keçirilib. Ailə İnstitutunun formalaşması üçün qanun yaradıcılığı prosesində hansı addımlar lazım gələcəksə, səhiyyə komitəsində müzakirə olunub. İşçi qrupu yaradılıb və bu işin formalaşması, onun qanunvericlik bazasının yaradılması üçün uğurlu addımlar atılır. Hesab edirəm ki, ölkədə tibbi sığortanın uğurlu tətbiqi məhz ailə həkimi institutunun uğurlu inkişafından və tətbiqindən asılı olacaq.

-Eşitdiyimizə görə, ailə həkimləri göndəriş verməsə vətəndaş xəstəxanaların xidmətindən istifadə edə bilməyəcək. Bu belədirmi?

-Qardaş Türkiyədə və digər ölkələrdə ailə həkiminin göndərişi olmadan xəstəxanalara xəstə qəbul olunmur. Bu, həm vaxt itkisini azaldır, həm də əlçatanlığı təmin edir. Bildiyiniz kimi, 2019-cu ildə pandemiyanın başlaması ilə əlaqədar olaraq tibbi sığortanın bütün ölkə üzrə tətbiqi bir qədər gecikdi. 2021-ci ildən artıq bütün ölkə üzrə tibbi sığortanın tətbiqinə başlanılıb. Təbii ki, pandemiaynın yaratdığı şəraitdən asılı olaraq bu məsələ bir qədər gecikir.

İlkin tibbi müayinəni ailə həkimləri həyata keçirəcək

-İlham müəllim, ailə həkimi ilk növbədə nə iş görəcək?

-İlk növbədə, ailə həkiminin mövcudluğu xəstəxanalara axının qarşısını alacaq. Xəstə ailə həkimi tərəfindən müayinə olunacaq, lazım gələrsə onun müalicələri davam etdiriləcək. Ehtiyac olarsa xəstə daha ixtisaslı həkimlərə də məhz ailə həkimi tərəfindən yönləndiriləcək.

İcbari Tibbi Sığorta paketinə daxil olan xəstəliklərin müalicəsinin, əslində geniş əhatə dairəsi var. Ancaq bunun hamısından eyni vaxtda istifadə etməyə heç bir səhiyyə sistemi davam gətirə bilməz. Buna görə də elə xəstəliklər var ki, onları ilkin tibbi xidmət ilə aşkar etmək və qarşısını almaq olar. Çox təəssüf olsun ki, bəzən ilkin tibbi xidmətlə aradan qaldırılası problemlər çox ağır fəsadlara da gətirib çıxarır.

-Ailə həkimi dünya praktikasında da mövcuddurmu?

– Qonşu Türkiyədə, Gürcüstanda, Qazaxıstanda, Orta Asiyada bu proses çox uğurla həyata keçirilib. Məsələn, Fransada, Almaniyada, inkişaf etmiş Avropa ölkələrində ailə həkimi təcrübəsi çox geniş yayılıb. Ailə həkimi haqqında qanun layihəsi bizim masamızın üzərindədir. Bu həkim ailənin dostu, psixoloqu, onun hərtərəfli yardımçısı olan bir ixtisas sahibidir. Əlbəttə ki, bu, bizdə yeni bir sahədir.

-Ailə həkimini icbari tibbi sığortanın ayrılmaz hissəsi adlandırdınız. Bu, hansı anlama gəlir?

-Bu il dövlət büdcəsindən icbari tibbi sığortanın inkişafı üçün 1 milyard 770 milyon manat vəsait ayrıldı ki, bu da bizim müstəqillik illərində səhiyyəyə ayrılan ən böyük vəsaitdir. Məhz bu rəqəm tibbi sığortanın inkişafı üçün şəraitin yaradılmasında məramın olduğunu göstərən ən vacib rəqəmlərdən biridir. Elə bunun içində də yəqin ki, ilkin səhiyyə xidməti və ailə həkimi institututnun formalaşması və maddi-texniki bazasının yaradılması üçün addımlar atılmalıdır.

Hesab edirəm ki, tibbi sığorta bizim həyatımızın ayrılmaz hissəsi olandan sonra bu sahə daha çox inkişaf edəcək. Çünki işləyən insanların hər birinin maaşından 2 faiz tutulmaqla icbari tibbi sığorta formalaşır. Ancaq işləməyən insanlar, ya da özəl sektorda çalışanlar, digər məşğulluğu olanların özləri hər ay kiçik bir məbləği ödəməklə gələcəkdə icbari tibbi sığorta xidmətinin daha geniş paketindən istifadə edə biləcək. Bu gün də dövlət bu vəsaitin olub-olmamasından asılı olmayaraq, bütün tibb müəssisələrində əhalinin pulsuz olaraq tibbi xidmət almasına şərait yaradıb. Artıq tibbi sığorta əsaslı geniş müalicə və müayinə paketi təqdim edən bir çox özəl xəstəxanaların da siyahısı təqdim edilib. Bunu təbii ki, dövlət müəssisələri çatdıra bilməz, onun üçün də özəl səhiyyə sektoru da artıq bu prosesə cəlb edilib.

-Müsahibəyə görə təşəkkür edirəm.

Mission News Theme by Compete Themes.