Press "Enter" to skip to content

Nobel mükafatçısı: Hər zaman Azərbaycanın yanındayam

Son yeniləmə: 30 Noyabr 2021 17:51

Bayraqdar.info – Dünya şöhrətli alim, Nobel mükafatı laureatı, Prof. Aziz Sancar Azərbaycanda səfərdədir. Səfər çərçivəsində qonaq Diasporla İş üzrə Dövlət Komitəsində olub və komitənin kollektivi ilə görüşüb.

Komitə sədri Fuad Muradov A.Sancarı yenidən Azərbaycanda görməkdən məmnunluq duyduğunu bildirib. Komitə sədri onun həyatının, elmi fəaliyyətinin və türk dünyasının mənəvi birliyi üçün gördüyü işlərin gənclərin milli-mənəvi dəyərlərə sədaqət, vətənpərvərlik ruhunda yetişməsində, qloballaşan dünyada elmə, təhsilə olan marağın artmasında böyük stimul olduğunu vurğulayıb.

F.Muradov Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyəti sahəsində gördüyü işlərə görə A.Sancara xüsusi təşəkkür edib.

Komitədən bayarqdar.info-ya noyabrın 30-da verilən məlumata görə, görüşdə iştirak edən Humboldt mükafatı almış ilk azərbaycanlı riyaziyyatçı, professor Məsud Əfəndiyev son illər diaspor quruculuğu sahəsində görülən işləri yüksək qiymətləndirib. O, A.Sancarı Azərbaycanın böyük dostu adlandırıb.

Səmimi görüşə görə təşəkkürünü bildirən A.Sancar eyni soykökə, milli və ortaq dəyərlərə əsaslanan Türkiyə-Azərbaycan dostluğundan, qardaşlığından söz açıb. Qonaq türk dövlətləri arasındakı münasibətlərin daha da möhkəmlənməsi üçün əlindən gələni etməyə hazır olduğunu və hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb, Azərbaycan və türk diasporlarının birgə fəaliyyəti ilə bağlı tövsiyələrini verib.

Görüşün sonunda xatirə şəkli çəkilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 10 sentyabr 2021-ci il tarixli sərəncamı ilə Azərbaycanın beynəlxalq humanitar əlaqələrinin inkişafında xidmətlərinə görə A.Sancar “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu” ilə təltif edilib.

Mission News Theme by Compete Themes.