Son yeniləmə: 30 Noyabr 2021 11:48
Bayraqdar.info – Xəbər verdiyimiz kimi, Kənd Təsərrüfatı Nazirliyi bölgələrdə fermerləri məlumatlandırma sessiyaları həyata keçirir. Artıq 11 rayonda belə tədbirlər keçirilib. Yerlərdə fermerlərlə görüşən Nazirliyin nümayəndələri onlarla subsidiya məsələləri, əkin sahələrinin sığorta olunması və əkin torpaqlarının analizə verilməsi ilə bağlı söhbətlər aparıb.
Nazirliyin Aparat rəhbəri Rəfail Quliyevin bildirdiyinə görə, subsidiyaların verilməsində tətbiq olunan mühüm yeniliklərdən biri ümumi torpaq sahəsi 5 hektardan çox olan fermerlərin hər 5 ha-ya 1 torpaq analizi verməsi tələbidir. Bu kateqoriyaya daxil olan torpaq mülkiyyətçiləri dekabrın 30-dək əkin bəyanları ilə paralel olaraq torpaq analizlərinin nəticələrini də Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə daxil etməlidir. Torpaqların analizi məhsuldar torpaqların münbitliyini qorunub saxlanılmasını, eyni zamanda mineral və üzvi gübrələrdən düzgün və səmərəli istifadəni təmin edəcək. Laboratoriya məlumatlarının nəticələrindən istifadə etməklə torpaqların münbitlik göstəricilərinin monitorinqini həyata keçirmək mümkün olacaq. Fermerlər öz sahələrindən torpaq analizi verməklə torpağın qida elementlərinə ehtiyacını müəyyənləşdirəcək, yanlış gübrə növü istifadə etməyəcək, gübrə normasını müəyyən edə biləcək. Bu isə torpaqların uzun müddətli və davamlı istifadəsinə imkan yaradacaq.
Fermerlər öz torpaqlarından analiz vermək üçün Abşeron, Şamaxı, Göygöl, Sabirabad, Quba, Tovuz, Şəki, Lənkəran, Salyan, Ucar və Bərdə rayonlarında fəaliyyət göstərən aqrokimya laboratoriyalarına müraciət edə bilərlər. Ən müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalar Dövlət Aqrar İnkişaf Mərkəzlərinin binalarında yerləşir. Analiz paketinə pH, elektrik keçiricilik, ümumi azot, mənimsənilən fosfor və mübadiləvi kalium göstəriciləri daxildir.