Son yeniləmə: 29 Noyabr 2021 13:09
Bayraqdar.info – Məlum olduğu kimi Prezident İlham Əliyev Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısı çərçivəsində bır sıra görüşlər keçirib. Bu toplantı çərçivəsində, həmçinin Azərbaycan və İran prezidentlərinin görüşü olub.
Bu görüşü bayraqdar.info-ya dəyərləndirən politoloq Yeganə Hacıyeva öncə onu xatırladıb ki, 44 günlük Vətən müharibəsindən sonra İran Azərbaycanın formalaşdırdığı yeni reallıqları qəbul etməyən, Azərbaycanın apardığı proseslərin əleyhinə yönələn mesajlar səsləndirdi: “Bu proseslərin pik vaxtı da heç şübhəsiz son aylar idi. İranın xüsusi qısqanclıqla yanaşdığı məsələ həm də Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanın apardığı geniş işlər idi. Ermənistanın məhz üçtərəfli razılaşmanın komunikasiyalar hissəsi ilə bağlı apardığı sobataj işlərində əsas tərəfdaşı kimi də məhz İran idi və biz bu son aylar ərzində İran Ali dini lideri, xarici işlər naziri, müxtəlif ayatullahları, generalları tərəfindən Azərbaycanı hədələyən mesajlar eşitdik. Hətta İran XİN rəhbəri son Moskva səfəri zamanı İran Zəngəzur dəhlizinin açılmasını istəmir fikirlərini səsləndirdi”.
Müsahibimiz deyib ki, bütün bunların fonunda İran Prezidentinin Aşqabaddakı görüşdə sərgilədiyi mövqe tamamilə fərqli idi: “Noyabrın 28-də Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısı çərçivəsində Azərbaycan və İran prezidentlərinin görüşü zamanı İran Prezidenti Seyid İbrahim Rəisi bu mövzularda ölkəsinin mövqeyini səsləndirdi. Qeyd etmək lazımdır ki, Rəisinin mövqeyi İranın Ali dini lideri və XİN rəhbərinin səsləndirdiyi fikirlərindən tamamlilə fərqlidir. Prezidentlərin görüşündə İran Prezidenti bildirdi ki, Azərbaycanın haqq savaşı olan Qarabağ məsələsində Tehranın mövqeyi açıq və birmənali olub və İranın bütün dini və rəsmi simaları, dövlət qurumları bu mövqeyə sadiq olub.
Seyid İbrahim Rəisi dedi ki, Ali dini rəhbərdən tutmuş dövlət qurumlarının məmurlarına kimi hamı o mövqedə olub ki, Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir. Azərbaycan Prezidenti İlham Əliyev öz növbəsində Azərbaycanın İranla əlaqələrə böyük önəm verdiyini bildirdi”.
Y.Hacıyeva qeyd edib ki, prezidentlərin görüşü zamanı müzakirə olunan əsas mövzu iki ölkənin Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi və ən əsası Zəngəzur nəqliyyat dəhlizi çərçivəsində Azərbaycan və İran əməkdaşlığı oldu: “Görüşdə qeyd olundu ki, Azərbaycanın təşəbbüskar olduğu Zəngəzur dəhlizinin yaradılması İrana da sərfəlidir. Görüşdə həmçinin Azərbaycan, Rusiya, İran enerji dəhlizinin yaradılması müzakirə olundu. Bir sözlə İran 44 günlük vətən müharibəsindən sonra Azərbaycanın formalaşdırdığı reallığı qəbul edir və İran da Zəngəzur dəhlizini dəstəkləyir”.