Son yeniləmə: 29 Noyabr 2021 16:50
Bayraqdar.info – Xəbər verdiyimiz kimi, Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Mərkəzi Qərargahında Azərbaycanın böyük el sənətkarı, saz və söz sərrafı Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş mərasim və “Aşıq Ələsgərin seçilmiş şeirləri” kitabının təqdimatı keçirilib.
Xəbər bayraqdar.info-ya noyabrın 29-da Mədəniyyət Nazirliyindən verilib.
Tədbirdə “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri, Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərli, araşdırmaçı-yazıçı Songül Dündar, “Dünya söz akademiyası” dərnəyinin sədri, professor Hayrettin İvgin və Kənan Çarboğa ustad aşıq Ələsgər yaradıcılığı barədə çıxış ediblər.
“Çıxışlarda vurğulanıb ki, Aşıq Ələsgər yaradıcılığı təkcə Azərbaycanda deyil, bütün türk dünyasında el sənətkarları, eləcə də şifahi və yazılı xalq ədəbiyyatının tədqiqatçıları üçün hər zaman cəlbedici olub. Əminliklə qeyd olunub ki, türk dünyasının birliyi və sürətlə inteqrasiyası bütün sahələrdə olduğu kimi mədəni əlaqələrin inkşafında da dinamik yüksəlişin qorunmasına müstəsna təsir göstərəcək. Bu da aşıq sənətini tarixi ənənələrin və müasir vəziyyətinin təhlilinə və öyrənilməsinə təkan verəcək. Qeyd olunub ki, Dədə Ələsgər yaradıcılığının bütün istiqamətlərinin dərindən öyrənilməsi, ustad el sənətkarın yaradıcılıq sirlərinin, onun təcrübə və irsinin müasir sənətçilər tərəfindən mənimsənilməsi bütün türk dünyası üçün vacib və əhəmiyyətlidir.
“Görkəmli saz və söz ustası Aşıq Ələsgər yaradıcılığına həsr olunan musiqili bədii hissə təqdim olunub. Azərbaycanlı aşıq Ramin Qarayev və türkiyəli el sənətkarı aşıq Səlahəddin Dündar sazın və sözün qüdrəti ilə mərasimi daha da təravətləndiriblər.
“Tədbir Azərbaycanın Mədəniyyət Nazirliyi, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın Türkiyədəki səfirliyi, Milli Məclisin Mədəniyyət komitəsi, Azərbaycan Aşıqlar Birliyi və TÜRKSOY-u birgə təşkilatçılığı ilə keçirilib”, – deyə xəbərdə bildirilir.
Nazirlikdən qeyd edilib ki, “Aşıq Ələsgərin seçilmiş şeirləri” kitabı Türkiyənin tanınmış ədəbiyyatçısı Kənan Çarboğa tərəfindən tərcümə edilib.