Press "Enter" to skip to content

Türkiyə universitetlərinə xarici tələbə qəbulunda yenilik

İbrahim Yıldırım

İbrahim Yıldırım: Yeni qayda daha ədalətli və uğurlu imtahan prosesini təmin edəcək

Bayraqdar.info – Xəbər verdiyimiz kimi, bayraqdar.info olaraq gündəmə gətirdiyimiz bir məsələ Türkiyə dövləti səviyyəsində öz həllini tapıb. Türkiyədə universitetlərin üst qurumu olaraq fəaliyyət göstərən və ali təhsillə bağlı bütün məsələləri tənzimləyən dövlət təşkilatı – Yüksek Öğretim Kurulunun (YÖK) qəbul etdiyi qərara əsasən xarici ölkə vətəndaşları üçün keçirilən və Yabancı Öğrenci Sınavı (YÖS) kimi tanınan imtahan bundan sonra mərkəzləşdirilmiş qaydada və ildə bir dəfə keçiriləcək. Bu imtahanın 2022-ci ildən etibarən ÖSYM (Öğrenci Seçim ve Yerleştirme Merkezi) tərəfindən keçiriləcəyi planlaşdırılır.

Bayraqdar.info məsələ qaldırdı, Türkiyə dövləti həll etdi

Bəs bu yeni sistem necə tətbiq ediləcək və hansı nəticələr verə bilər? Dəyərli oxucularımızın, o cümlədən də gələn il Türkiyə universitetlərinə sənəd verəcək gənclərin maraq dairəsində olan bu və digər suallara cavab tapmaq üçün silsilə müsahibələrə başlayırıq. Beləliklə, ilk müsahibimiz xaricdə təhsil üzrə mütəxəssis, “Oxford YÖS Kursları”nın müdiri İbrahim Yıldırımdır.

-İbrahim bəy, yeni qərara əsasən ən önəmli dəyişiklik nə oldu? Bir qədər də dəqiqləşdirsək, ÖSYM tərəfindən reallaşdırılacaq yeni imtahan sisteminin mahiyyətində hansı amillər dayanır?

-Öncəliklə onu demək istəyirəm ki, bu qərarla Türkiyə Unuiversitetlərinə xarici tələbə qəbulunda yeni dönəm başlayır. Yeni YÖS sistemi ilə tətbiq ediləcəyi gözlənilən ən əhəmiyyətli dəyişiklik, MYÖS (Merkezi Yurt Dışından Öğrenci Kabul Sınavı) imtahanının tətbiqi və tibb, əczaçılıq, stomatologiya, hüquq, müəllimlik və mühəndislik fakültələrinə yerləşdirmə üçün yalnız bu imtahanın nəticəsinin əsas götürələcəyi ilə bağlıdır. Yəni bu fakültələrdə təhsil almaq istəyən əcnəbi tələbələr yalnız MYÖS imtahanında iştirak edib kifayət qədər bal toplamalıdırlar. Digər imtahanlar artıq etibarlı deyil. Bu fakültələr üçün keçid balları və kvotalar isə YÖK tərəfindən müəyyən ediləcək.

-Bəs digər fakültələrlə bağlı hansı qayda tətbiq ediləcək?

-Təbii ki, MYÖS balı digər ali təhsil proqramları üçün də önəmli olacaq. Bununla belə MYÖS balı ilə yanaşı YÖK tərəfindən qəbul edilən YKS, ABİTUR, SAT və xarici ölkələrin milli imtahanları ilə də universitetlərə müraciət edilə bilinəcək. Amma bir daha qeyd edim ki, bu müraciətlər yuxarıda sadaladığımız fakültələr üzrə keçərli olmayacaq.

-Hazırda bəzi insanları düşündürən bir sual da attestatla qəbulun saxlanıb-saxlanılmayacağı ilə bağlıdır…

-Mövcud maddəyə əsasən, yuxarıda qeyd olunan altı fakültədən başqa digər fakültələrə orta təhsil haqqında attestat qiyməti olan tələbələr qəbul ediləcək. Ancaq əvvəlki illərdəki təcrübələri nəzərə alsaq, rahatlıqla deyə bilərik ki, universitetlər MYÖS və digər imtahan növlərinə üstünlük verəcəklər. Yalnız artıq boş yerlər qalacağı təqdirdə son seçim olaraq orta məktəb attestatını qəbul edəcəklər.

-Yeni sistem nə vaxtdan tətbiq ediləcək?

-Yeni sistem 2022-ci ildən tətbiq ediləcək. Müraciətlər mart ayında qəbul oluna bilər. Hesab edirəm ki, yeni qaydalara uyğun olaraq imtahanın keçirilməsi uzağı iyunda baş tutacaq.

-İbrahim bəy, hazırda hər kəsi maraqlandıran əsas suallardan biri də budur ki, MYÖS sistemi ilə imtahan çətin ola bilərmi?

-Təbii ki, MYÖS sistemi ilə bağlı məsələ açıqlananda Türkiyədə universitetdə təhsil almaq istəyənlərin ağlına gələn ilk sual imtahanın hansı formatda olacağı, çətinləşib-çətinləşməyəcəyi barədə olur. Hesab edirəm ki, ÖSYM kimi illərdir bu işi görən peşəkar bir qurumun imtahan keçirməsi daha ədalətli və uğurlu imtahan prosesini təmin edəcək. Ona görə də imtahanın daha çətin keçəcəyini söyləmək düzgün deyil. Əksinə, ali məktəblərin təşkil etdiyi imtahanlarda vahid standart olmadığından tələbələr müxtəlif problemlərlə üzləşə bilirdilər. Müntəzəm olaraq çalışan YÖS namizədləri MYÖS imtahan sistemi ilə imtahan verərkən uğur qazanacaqlar.

-Bəs MYÖS-ə kimlər müraciət edə bilər?

-Orta məktəbi başa vurmuş və ya bitirəcək bütün şəxslər MYÖS imtahanında iştirak üçün müraciət edə biləcəklər. İmtahan türk, alman, fransız, rus və ərəb dillərində aparılacaq. Yəni keçirildiyi ölkəyə uyğun olaraq bu dillərdən birində olacaq imtahan. Məsələn, Azərbaycanda türk və eyni zamanda ingilis dilində aparıla bilər.

Müsahibimiz sonda onu da qeyd etdi ki, YÖK-ün bəhs edilən məsələ ilə bağlı yazısında təfərrüatlar verilmədiyi üçün bəzi məsələlərin qaranlıq qaldığı görünür: “Hələ bəzi suallar cavabsız qalır. Məsələn, imtahan hansı dərsləri və mövzuları əhatə edəcək; imtahan üçün ərizələrin qəbulu nə vaxt başlayacaq və imtahan nə vaxt keçiriləcək; neçə sual veriləcək və suallar dərslərə uyğun olaraq necə paylanacaq; imtahanda iştirak haqqı nə qədər olacaq; imtahan hansı ölkələrdə keçiriləcək; imtahanın nəticələri neçə il qüvvədə olacaq; ölkə kvotaları necə təşkil olunacaq kimi suallar hələlik açıq qalır. Ümid edirik ki, bu sualların cavabları yaxın aylarda aydınlaşacaq. “Oxford YÖS Kursları” olaraq bu məsələni yaxından izləyəcəyimizi və bununla bağlı baş verə biləcək dəyişiklikləri yaxın günlərdə sizin vasitənizlə oxucularımıza dərhal bildirəcəyimizi nəzərinizə çatdırmaq istərdim. Gənclərə tövsiyəm odur ki, prosesləri izləsinlər və oxumaqda davam etsinlər. YÖK tərəfindən veriləcək MYÖS imtahan qərarlarının bütün tələbələr üçün faydalı və xeyirli olmasını arzu edirəm”.

Zəruri qeyd: Biz də bayraqdar.info olaraq bu məsələ ətrafında fəaliyyətimizi davam etdirəcəyik. Yəni, həm İ.Yıldırımın toxunduğu, həm də oxucularımızı maraqlandıran açıq suallara cavab tapmaq məqsədi ilə araşdırmalarımız davam edəcək. Bizi izləyin.

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.