Press "Enter" to skip to content

“Sonuncu” filminə daha iki mükafat

"Sonuncu" filminə daha iki mükafat

Bayraqdar.info – “Sonuncu” sənədli filmi noyabrın 20-dən 26-na kimi keçirilən 27-ci “Listapad” Minsk Beynəlxalq Film Festivalında (Belarus) “Приз за верность жанру” (“Janra sədaqət”) mükafatına layiq görülüb. Film Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və “Salnaməfilm” Studiyası tərəfindən istehsal olunub.

“Sonuncu” filmi, həmçinin 23–28 noyabrda Polşanın Lodz şəhərində keçirilən 31-ci Media Festivalı – “Man in Danger”də polyak sənədli kinosunun klassiki Kazimierz Karabasz adına “Patient Eye” (“Səbirli göz”) mükafatını qazanıb.

Bu barədə məlumat noyabrın 29-da bayraqdar.info-ya Mədəniyyət Nazirliyindən verilib.

Filmin baş prodüseri Arzu Əliyeva, prodüserləri Orman Əliyev və Nazim Hüseynov, rejissoru Fariz Əhmədov, ssenari müəllifləri Esmira Əyyub və Fariz Əhmədovdur. Filmin təsvir rejissoru polşalı kinematoqrafçı Mateuş Çuxnovskidir.

“Film Xəzər dənizindəki (Bakıdan 150 km cənubda) Kürdili yarımadasının sonuncu sakini Vitali Pronindən bəhs edir. 1981-ci ildə dənizdə suyun səviyyəsinin qalxması nəticəsində vaxtilə həyat qaynayan Kürdili adaya çevrilərək yaşayış üçün əlverişsiz hala gəlib. Əhalinin əksəriyyəti adadan köçüb. Qazsız, işıqsız və demək olar ki, insansız qalan ada tənhalaşdı, təbiəti, heyvanları vəhşiləşdi, evləri dağılıb. Daha orada heç kim yaşamır… 68 yaşlı Vitalidən başqa… O, adayla nəfəs alır. Son nəfəsini də adada alır… Elə kamera qarşısında.

““Sonuncu” filmi bu il premyerasını 50-ci Rotterdam Beynəlxalq Film Festivalında etdikdən sonra müxtəlif ölkələrdə film festivallarında iştirak edib. Bosniya-Herseqovinada keçirilən 15-ci “Jahorina Film Festivalı”nda “Ən yaxşı sənədli film” nominasiyası üzrə “Golden Maple” (“Qızıl ağcaqayın”), Polşada keçirilən “OFF CINEMA” 25-ci Beynəlxalq Sənədli Film Festivalında “Bronze Castle” (“Bürünc qəsr”), 5-ci “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalında “Ən yaxşı yerli sənədli film” nominasiyaları üzrə mükafatlara layiq görülüb. Ekran əsəri Polşanın Torun şəhərində keçirilən 29-cu “EnergaCAMERIMAGE” Beynəlxalq Film Festivalının sənədli filmlər üzrə əsas müsabiqə bölməsində də iştirak edib.

“Qeyd edək ki, filmin rejissoru Fariz Əhmədov hazırda “Azərbaycanfilm” Kinostudiyasının direktorudur”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.