Son yeniləmə: 30 Noyabr 2021 12:09
Bayraqdar.info – Pandemiyadan sonra ilk dəfə teatra qədəm qoyurduq. Azərbaycan Dövlət Akademik Musiqili Teatrının repertuarında “Mən dəyərəm min cavana” tamaşasını görəndə maraq bizi ora apardı. Teatrın qarşısında növbə var idi. Hamı 75-ci dəfə oynanılacaq tamaşaya baxmaq üçün Teatra daxil olmaq növbəsini gözləyirdi. Qapıda COVID-19 pasportlarımızı yoxlayandan sonra bizi içəri dəvət etdilər. Foyedə pianoçu bir-birindən gözəl musiqilər ifa edirdi.
Saat 19:00-u səbirsizliklə gözləyirik. Nəhayət ki, ilk zəng vurulur. Hamı yerini tutur. Zalda tamaşaçılar sosial məsafəni gözləməklə yerləşdirilib. Bu da pandemiya qaydalarına uyğun olaraq tamaşaçı zalının tən yarısını məhdudlaşdırmaq üçündür. Hamı maskadadır.
Yerimizi rahatlayıb binanın içərisindəki gözəl dizayna, böyük çilçırağa, pərdələrə baxırıq. Necə də möhtəşəmdir. İkinci zəng. Teatrın rəhbərliyi də gəlib yerini tutur. Üçüncü zəng və diqqət səhnəyə…
Budur, telefonların səsinin alınması və maskalarla bağlı xəbərdarlıqdan sonra işıqlar sönür, pərdələr qalxır.
“Mən dəyərəm min cavana” tamaşası 75-ci dəfədir səhnədə. Tamaşa Faiq Sücəddinov və Tamara Vəliyeva tərəfindən ərsəyə gətirilib.
Tamaşanın quruluşçu rejissoru Yusif Ələkbərov, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, dirijor Ziya Bağırov, quruluşçu rəssam Əməkdar rəssam İsmayıl Məmmədov, quruluşçu baletmeysterlər Zakir Ağayev, Yelena Ağayeva, xormeyster Əməkdar artist Vaqif Məstanov, konsertmeyster Lətifə Qasımova, rejissor assistenti Elməddin Dadaşovdur.
Baş rolda Xalq artisti, “Şöhrət” ordenli İlham Namiq Kamaldır
Tamaşada əsas rolları İlham Namiq Kamal (İbad), Əməkdar artistlər Ələkbər Əliyev (Rüstəm), Əkbər Əlizadə (Rza), Nərgiz Kərimova (Gülnaz), Səidə Şərifəliyeva (Naznaz), aktyorlar Elxan İsmayılov (dilənçi), Ülviyyə Əliyeva (Güldəstə), Rəsmiyyə Nurməmmədova (Sevda), Gülçöhrə Abdullayeva (Ziba), Türkel Tariqpeyma (İbadın qızı), Səmədzadə Xasıyev və Ruslan Mürsəlov b. ifa edirlər.
Tamaşanın tarixinə qısa nəzər…
Tamaşa “Şöhrət” ordenlı Xalq artisti Hacıbaba Bağırovun sağlığında onun 75 illik yubileyi münasibətilə hazırlanıb. Lakin tamaşanın premyerasından 1 il öncə – 2006-cı ildə böyük sənətkarın 74 yaşında qəfil dünyasını dəyişməsi bütün planları dəyişib və 2007-ci ildə “Mən dəyərəm min cavana” onu sevənlərə bir təskinlik kimi təqdim olunub.
Gözlənilməz və maraqlı situasiyalarla zəngin səhnə əsərinin ilk nümayişindən 14 il keçməsinə baxmayaraq yenə də öz aktuallığını itirməyib və çox böyük maraqla baxılır.
Tamaşa “O olmasın, bu olsun” operettasının davamı olaraq müasir janrda çəkilib. Səhnənin bir tərəfində Məşədi İbadın, digər tərəfində isə Sərvərin maketləri qoyulub.
Reallıqlar səhnədə gülüşə çevrilir
Hadisələr Bakıda elmi tədqiqat institutlarından birində cərəyan edir. İnstitutun direktoru İbad duldur, bir qızı var. O, anası ilə yaşayır və heç kimlə evlənmir. Şorgöz direktor instituta işləməyə gələn bütün xanımlara “sığal çəkmək”lə onları “elm” pillələrində yüksəldir. İnstitutda elmdən başqa hər şeylə məşğuldurlar. Səhər açılandan biri iş stolunun üstündə köynək ütüləyir, digəri güzgü qoyub makiyaj edir, başqa biri ərindən qeybət edir. İnstitutda təkcə öz işi ilə məşğul olan xadimə Güldəstədir. O, ailə qurmayıb. Elmə həvəsi olmadığı üçün on ildən artıqdır ki, süpürgəsi əlindən düşməyən bu qarımış qızın həyatı komik və acınacaqlıdır.
İnstituta işə düzəlməyə yeni xanım işçi gəlir. Otuz yaşlı ali təhsilli gözəl Gülnaz dörd dil bildiyini və kompüter bilikləri olduğunu deyir. İşçilər hərə bir tərəfdən İbadı yeni işçiyə pisləyir, onun şorgöz olmasından ağızdolusu danışır, qızın institutda işləməməsi üçün var güclərilə çalışırlar.
“Siz dəyərsiniz min cavana”
Naqisliklər Gülnazın gözü qarşısında açılır. O, institutdakı reallıqları görsə də geri çəkilmir, əksinə, işə girmək üçün direktorla görüşür. Otuz yaşına qədər ailə qura bilməyən Gülnaz ömürlük qarıyacağından qorxur və kasıb Sərvərlə ailə qurmaqdansa, “Siz dəyərsiniz min cavana” deyib atası yaşında olan İbada naz satır.
İbad bir könüldən min könülə özündən iyirmi yaş kiçik bu xanıma vurulur.
İnstitutda işçilər gah iş zamanı mağazalardan geyim almağa gedirlər, gah bir-biri ilə dava edirlər, gah da direktoru güdürlər, onun otağını dinləyirlər.
Direktorun kənarda bir müğənni sevgilisi də var. O da tez-tez İbadın iş yerinə gəlir. Onu səhnəyə çıxarıb məşhur edən İbad hər dəfə xanımın plastik əməliyyatlarına külli miqdarda pul xərcləyir. İbadın borclarını yığan silahlı “reket” dəstəsi də var. Onlar bir çemodan pulu gətirib ona verirlər.
Yeni işçi ilə eşq yaşayan İbad evlənmək qərarına gəlir. Əlli yaşlı İbadın onun otuz yaşlı qızına vurulduğunu eşidən müflis olmuş atası bunların iş yerinə gəlir. O, özünü elə aparır ki, guya qızının burada işlədiyini bilmir. İbadın həmyaşıdı və tələbə yoldaşı olduğu üçün ondan borc pul istəyir ki, banklara olan borcunu ödəsin. Lakin İbad ona pul vermək istəmir.
İbad Gülnazla evlənməyə vadar olur
Gənc qıza olan sevgisi İbadı Gülnazla evlənməyə vadar edir. “Mən dəyərəm min cavana” deyən İbad müğənni sevgilisindən qaçır. Hər dəfə yeni bahalı tələblərlə iş yerinə gələn qızı ondan bu dəfə BMW X6 marka/model avtomobilinin köhnəldiyini və yeniləmək tələbi ilə pul istəyir. İbad qzını da birtəhər başından edir. Sevdiyi gənc xanıma yeni göydələndən mənzil, bahalı avtomobil alacağını, ona sürücü tutacağını, atasının banklara borclarını ödəyəcəyini bildirir. Onun qızına olan sevgisindən istifadə etmək fikrinə düşən “qaynata” İbadın yanında qızına deyir ki, “mən səni qonşudakı cavan Sərvərə ərə verəcəyəm, sən bu qoca kişinin nəyinə vurulmusan?” Lakin gənc qız atasına “neynirəm kasıb, cavan Sərvəri, mənə qoca olsa da pullu ər lazımdır” deyir.
Qeyd edək ki, Ülviyyə Əliyevanın ifa etdiyi Güldəstə obrazında ilk dəfə xalq artisti Afaq Bəşirqızı çıxış edib.
Tamaşada real həyatda baş verən eybəcərliklər bütün çılpaqlığı və obrazların dili və həyat tərzi ilə açılır.
İki hissəli bu tamaşada vokal musiqi nömrələrini Teatrın aktrisaları Nərgiz Kərimova, Səidə Şərifəliyeva və digər aktyorlar ifa edirlər.
…Tamaşa böyük anşlaqla keçdi və bitdikdən sonra aktyor heyəti səhnəyə çıxanda alqışlar zalı titrətdi. Gül dəstələri səhnəyə axdı.
Bu tamaşadan, aktyor oyunundan, vokal musiqi nömrələrindən yüksək zövq aldıq. Musiqi nömrələri zamanı təqdim edilən xoreoqrafik rəqslər o qədər yüksək səviyyədə və gözəl təqdim edilirdi ki, tamaşaçılar nəfəs çəkmədən səhnəni izləyirdilər.
Tamaşa bitsə də onun sehrində qalan tamaşaçılardan heç kim zalı tərk etmək istəmirdi. Çünki aktyorların böyük məharəti və yaratdıqları obrazlar, səhnə dekorasiyası, tamaşanın quruluşu, vokal musiqilər, xoreoqrafik rəqslər çox möhtəşəm idi.