Son yeniləmə: 29 Noyabr 2021 17:18
Bayraqdar.info – Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov 30 ildən artıqdır ABŞ-da yaşayan həmyerlimiz Nobert Yevdayevlə görüşüb. Görüş 8 Noyabr – Zəfər Günü münasibətilə ABŞ-ın Florida ştatında Azərbaycan icmasının nümayəndələri ilə keçirilən tədbir çərçivəsidnə baş tutub.
Bu barədə bayraqdar.info-ya noyabrın 29-da Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, F.Muradov bir sıra elmi işlərin müəllifi olan şair, yazıçı, rəssam, jurnalist, ABŞ-dakı Dağ Yəhudiləri icmasının aylıq “Novıy rubej” jurnalının təsisçisi Nobert Yevdayevə dünya azərbaycanlılarının həmrəyliyi sahəsindəki fəaliyyətinə və Azərbaycan mədəniyyətinin təbliğində göstərdiyi xidmətlərinə görə təşəkkürünü bildirib. Komitə sədri ona “Azərbaycan xalçaları-Qarabağ qrupu” kitabını və milli xalça suveniri hədiyyə edib.
Öz növbəsində N.Yevdayev göstərdiyi diqqətə görə F.Muradova təşəkkür edib və Azərbaycanı təmsil etməkdən böyük qürur hissi keçirdiyini deyib. Həmyerlimiz Komitə sədrinə kitab hədiyyə edib və müəllifi olduğu şeirdən bir parça söyləyib.
Qeyd edək ki, əslən Bakı yəhudisi olan Nobert Yevdayev 1989-cu ildən ABŞ-da yaşayır. O, Azərbaycan mədəniyyətinin Amerikada təbliğ olunması istiqamətində bir sıra tədbirlər təşkil edib. Prezident İlham Əliyevin 13 mart 2006-cı il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.