Son yeniləmə: 29 Noyabr 2021 09:59
Bayraqdar.info – Öz fəaliyyəti ilə fərqlənən “ASAN Könüllüləri” Təşkilatı daha bir layihəyə uğurla yekun vurub. Belə ki, Təşkilatın “Mədəniyyət Carçısı” proqamının təşkilatçılığı, Azərbaycan Fotoqraflar Birliyinin, Dövlət Məşğulluq Agentliyinin və ”YARAT” Müasir İncəsənət Mərkəzinin tərəfdaşlığı ilə 2 ay müddətində həyata keçirilən “FotoMən 3” layihəsi başa çatıb.
Bu barədə bayraqdar.info-ya noyabrın 29-da “ASAN xidmət”dən məlumat verilib.
Bildirilib ki, bağlanış mərasimində Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev, Azərbaycan Fotoqraflar Birliyinin sədri Rafael Qəmbərov, Azərbaycan Fotoqraflar Birliyinin İdarə Heyətinin sədri Mirnaib Həsənoğlu və “ASAN Könüllüləri” Təşkilatının sədri Emiliya Bayramova iştirak ediblər.
İki ay müddətində peşəkar fotoqraflar tərəfindən praktiki və nəzəri təlimlər keçən layihə iştirakçılarının seçilmiş fotolarından ibarət sərgi baş tutub.
Sonda iştirakçılar sertifikatlarla təltif ediliblər.
Eyni zamanda 10 qalib iştirakçıya Dövlət Məşğulluq Agentliyi tərəfindən fotoaparat və foto avadanlıq təqdim ediləcək.