Son yeniləmə: 29 Noyabr 2021 12:38
Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatar Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğana təşəkkür edib.
Bu barədə bayraqdar.info-ya KKTC Cümhurbaşqanlığından məlumat verilib.
Bildirilib ki, E.Tatar yaydığı açıqlamada Türkmənistanın paytaxtı Aşqabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci Zirvə Toplantısında Kıbrıs türk xalqı və KKTC-nin səsi olan Türkiyə Cümhurbaşqanı R.T. Erdoğana özü və Kıbrıs türk xalqı adından təşəkkür edib. Açıqlamada deyilir ki, “Kıbrısda federal həllin mümkün olmadığını gördükdən sonra Cenevrədə ilk dəfə danışıqlar masasına qoyduğumuz iki ayrı suveren dövlətə əsaslanan həll təklifimiz gündəmdə qalarkən, Türkiyə Cümhurbaşqanı R.T.Erdoğanın İƏT-in 15-ci Zirvə Toplantısındakı çıxışında “bütün dost və qardaş ölkələrə KKTC-nin həll baxışını qərəzsiz qiymətləndirmək” çağırışı bizə güc verdi.
Cümhurbaşqanı R.T.Erdoğan çıxışında həmçinin “Kıbrıs türk xalqının suveren bərabərliyinin və bərabər beynəlxalq statusunun qeydiyyata alınmasının adada həllin açarı olduğunu” ifadə edərək, xalqımızın məruz qaldığı ədalətsiz embarqoların aradan qaldırılmasına çağırıb”.
O da bildirilir ki, R.T.Erdoğan 22 sentyabr 2021-ci ildə BMT-nin 76-cı Baş Assambleyasının iclasında və 12 noyabr 2021-ci ildə Türk Şurası Dövlət Başçılarının 8-ci Zirvə toplantısında etdiyi çıxışlarda və çağırışlarda da Kıbrıs türk xalqının səsi olarkən, Ana vətən Türkiyənin də hər zaman KKTC-nin yanında olduğunu bildirmişdi: “Hər zaman və hər şəraitdə Kıbrıs türk xalqının və KKTC-nin yanında olan, yardım əlini uzadıb dəstəyini əsirgəməyən Cümhurbaşqanı Erdoğana öz adımdan və xalqım adından ən dərin və ən səmimi hisslərimlə təşəkkür edirəm. Kıbrıs türk xalqı hər zaman Vətən Türkiyə ilə birlikdə yeriməyə davam edəcək”.