Bayraqdar.info – Bakı Ali Neft Məktəbi noyabrın 29-da özünün 10 illik yubileyini qeyd edir. Bununla bağlı Məktəbin rekroru Elmar Qasımov açıqlama yayaraq təbriklərini çatdırıb.
Təbrikdə deyilir:
“Əziz SOCAR ailəsi, BANM-in hörmətli professor-müəllim heyəti, dəyərli əməkdaşlar, əziz məzunlar və tələbələr!
Bu gün Bakı Ali Neft Məktəbinin 10 illik yubileyidir.
2011-ci il noyabr ayının 29-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə SOCAR-ın tərkibində yaradılan Bakı Ali Neft Məktəbi yüksəkixtisaslı, ingilisdilli mühəndis kadrları yetişdirmək, layiqli vətəndaş hazırlamaq missiyasını şərəflə yerinə yetirir.
Ali Məktəbimiz qısa zaman ərzində böyük nailiyyətlərə imza atıb, ölkənin ən nüfuzlu ali təhsil müəssisəsinə çevrilib, intellektual potensialı və elmi-texniki bazası ilə ali təhsil müəssisələri arasında fərqlənməyi, böyük etibar qazanaraq ona göstərilən etimadı doğrultmağı, vəzifəsinin öhdəsindən layiqincə gəlməyi bacarıb.
Sevindirici haldır ki, Bakı Ali Neft Məktəbi 10 il ərzində yaranma məqsədlərinə yüksək səviyyədə nail olub. Bu gün Məktəbin məzunları SOCAR-ın və ölkənin müxtəlif sənaye müəssisələrində çalışaraq iqtisadiyyatın, sənayenin inkişafına töhfələr verirlər, dünyanın nəhəng şirkətlərində Azərbaycanı layiqincə təmsil edirlər.
Qazandığımız nüfuzun nəticəsidir ki, ən intellektual, savadlı, bacarıqlı gənclər bizim Ali Məktəbimizi seçirlər. Biz də hər zaman olduğu kimi etimadı doğrultmaq üçün əlimizdən gələni əsirgəmirik və bundan sonra da böyük səylə çalışmağa davam edəcəyik.
Fəxrlə qeyd edirəm ki, 10 yaşını tamamlayan BANM ən yüksək nüfuzlu ali təhsil müəssisəsinə çevrilməklə yanaşı, Azərbaycanda peşəkar ingilisdilli mühəndis kadrların hazırlanmasında liderdir. Ali Məktəbimiz əmək bazarında hər zaman tələb olunan ixtisaslarda tədris aparmaqla, yüksək peşəkarlığa malik kadrlar hazırlamaqla, işəgötürənlərin ehtiyaclarını uğurla qarşılayır.
Bakı Ali Neft Məktəbinin şərəfli tarixi – ilk onillik yubileyi münasibətilə professor-müəllim heyətini, əməkdaşlarımızı, tələbə və məzunlarımızı ürəkdən təbrik edir, qısa müddətdə zəngin tarix yazmaq üçün əzmlə çalışmış, Məktəbimizin inkişafına töhfələr vermiş hər kəsə təşəkkürümü bildirirəm!”
Biz də öz növbəmizdə qeyd edək ki, BANM doğrudan da bu qısa müddət ərzində ölkənin ən sayğın ali təhsil müəssisəsi kimi diqqət çəkməyi bacarıb. Özəlliklə də burada yüksək keyfiyyətli təhsilin olması, Azərbaycanda uzun illər vərdişə çevrilmiş mənfi hallara yol verilməməsi bu uğurun əsas açarlarındandır. Və əlbəttə ki, idarəetmə də öz sözünü deməmiş deyil. Rektor E.Qasımovun işinə məsuliyyətli yanaşması, ona Prezident İlham Əliyevin göstərdiyi etimada yüksək sədaqəti Azərbaycana öyünə biləcəyimiz bu ali məktəbi qazandırıb.
Biz də bayraqdar.info olaraq öz adımızdan rektor E.Qasımov başda olmaqla BANM-ın bütün məzunlarını və hazırkı heyətini təbrik edirik. BANM örnəyi göstərir ki, istəyəndə yaxşı işləmək, etimadı doğrultmaq və ciddi uğurlar qazanmaq mümkündür.