Press "Enter" to skip to content

Azərbaycanlı gəncdən Almaniyada fundamental əsər – İLK

Sözü gedən kitabın onlayın satışı

Bayraqdar.info – Almaniyada yaşayan azərbaycanlı gənc alim Günel Babayevanın Azərbaycanın təhsil siyasəti və alman dilinin tədrisi vəziyyətinin tədqiq olunduğu elmi əsəri bugünlərdə Berlində nəşr edilib.

Bu barədə bayraqdar.info-ya G.Babayevanın özü məlumat verib.

Gənc alimin sözlərinə görə, humanitar elmlər sahəsində elmi monoqrafiyaların nəşri istiqamətində ixtisaslaşan məşhur beynəlxalq Peter Lang mətbəəsi tərəfindən çap edilən və tirajlanan əsərdə Azərbaycanın təhsil siyasəti, ölkədə alman dilinin tədrisi vəziyyəti keyfiyyət və kəmiyyət yönlü elmi metodlarla tədqiq edilib.

“Hesab edirəm ki, tədqiqat işim Azərbaycanın təbliğatı baxımından da xüsusi önəm daşıyır. Kitabı Almaniyanın milli, mərkəzi kitabxanalarından, eyni zamanda nüfuzlu universitetlərin kitabxanalarından əldə etmək olar. Qeyd edim ki, əsər nəşriyyat tərəfindən e-kitab formasında da satışa çıxarılıb”, – deyə müəllif bayraqdar.info-ya bildirib.

G.Babayeva deyib ki, elmi əsərdə bundan sonra araşdırma aparacaq mütəxəssislər üçün istinad qaynağı olaraq kifayət qədər faydalı bilgilər yer alıb: “Tədqiqat işimdə Azərbaycanın Təhsil Nazirliyindən, Dövlət İmtahan Mərkəzindən sorğu yoluyla əldə etdiyim statistik məlumatlar, eyni zamanda ölkədə alman dilinin tədris edildiyi təhsil ocaqlarında – orta məktəblər və universitetlərdə bu dili öyrənənlər arasında apardığım sorğuların nəticələri elmi metodların tətbiqi ilə təhlil edilib. Həmçinin, alman dilinin tədrisində, öyrənilməsində mövcud olan problemlər araşdırılıb və onların həlli istiqamətində elmi metodlara əsaslanaraq təkliflər verilib”.

Qeyd edək ki, magistr təhsilini Potsdam Universitetində xarici dil linqvistikası istiqaməti üzrə alan G.Babayeva Almaniyanın KAAD (Katolischer Akademischer Ausländerdienst) təşkilatının türk dünyasından yeganə təqaüdçüsü olaraq doktorluq dissertasiyasını Berlin Texniki Universitetində müdafiə edib.

Əlavə olaraq bildirək ki, 360 səhifəlik “Deutsch als Fremdsprache in Aserbaidschan” (“Alman dili Azərbaycanda xarici dil kimi”) adlı əsər Peter Lang mətbəəsinin onlayn satış xidməti tərəfindən 69 avrodan təklif edilir.

Kitabın üz qabığı
Mission News Theme by Compete Themes.