Press "Enter" to skip to content

Əkinlərini tez bəyan edən fermerlərə subsidiyalar

Fermerlərə subsidiya

Son yeniləmə: 29 Noyabr 2021 10:54

Bayraqdar.info – Kənd Təsərrüfatı Nazirliyi payızlıq əkinlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan edilməsi ilə əlaqədar bölgələrdə məlumatlandırma sessiyalarına başlayıb. Bu istiqamətdə növbəti tədbir Yevlax, Ucar və Kürdəmir rayonlarında keçirilib. Məlumatlandırma sessiyalarının məqsədi yeni aqrar subsidiya qaydaları ilə bağlı fermerləri məlumatlandırmaq, payızlıq əkinlər barədə məlumatların Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan edilməsi prosesini sürətləndirməkdir.

Xəbər noyabrın 29-da bayraqdar.info-ya Kənd Təsərrüfatı Nazirliyindən verilib.

“Payızlıq əkinlərin bəyanı prosesi 1 sentyabr – 30 dekabr tarixlərini əhatə edir. Fermerlər əkin subsidiyası almaq üçün payızlıq əkinlərini dekabrın sonuna kimi bəyan etməlidir. Əkin məlumatlarının EKTİS-də tez bəyan edilməsi monitorinqlərin daha tez başa çatmasına, subsidiyaların ilin ilk aylarında ödənilməsinə imkan verir. Öz əkinlərini son müddəti gözləmədən EKTİS-də bəyan edən fermerlər subsidiyanı ilin əvvəlində alır və aqrotexniki qulluq baxımından daha səmərəli istifadə edə bilirlər”, – deyə xəbərdə bildirilir.

“Görüşlərdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfail Quliyev bildirib ki, aqrar sığorta sisteminin geniş tətbiq olunması ilə əlaqədar bu mexanizmin kənd təsərrüfatına subsidiyaların verilməsi prosesi ilə uzlaşdırılmasına başlanılıb. 2022-ci ildən ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rola malik olan bitkilər üzrə 10 hektardan artıq əkin sahələrinə əkin subsidiyaları 3 il ərzində aqrar sığorta olunmaqla veriləcək. Subsidiyaların alınması üçün aqrar sığorta tələbi buğda, arpa, çəltik, çay, limon, fındıq və qarğıdalı bitkilərinə şamil edilib. Aqrar sığortanın tətbiqi təsərrüfatların təbiət hadisələri və digər risklərdən sığortalanması, fermerlərin məhsullarının və gəlirlərinin qorunması məqsədi daşıyır. Aqrar sığorta haqqının 50 faizi dövlət tərəfindən ödənilir. 1 ha taxıl sahəsinin sığorta haqqının fermerlər tərəfindən ödənilən hissəsi regionlar üzrə əsasən 6-12 manat arasında dəyişir. Torpaq sahəsi 10 ha-dan artıq olan fermerlər öz əkinlərini sığortalamalı, əkin məlumatları ilə yanaşı, sahənin sığorta olunmasına dair məlumatı da mütləq Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə daxil etməlidir.

“Görüşlər zamanı ümumi sahəsi 5 ha-dan artıq olan sahələrdən torpaq nümunələrinin aqrokimyəvi analizinin verilməsi qaydaları, 2022-ci ildə bitkiçilik sahəsində əkin, məhsul və toxum əmsalları, pambıq, şəkər çuğunduru və tütün üzrə əkin subsidiyasının tam şəkildə məhsul subsidiyası ilə əvəzlənməsi və digər yeniliklər barədə iştirakçılara məlumat verilib. Suallar ətraflı cavablandırılıb, səsləndirilən təkliflər qeydiyyata alınıb.

“KTN-nin nümayəndə heyətinin payızlıq əkinlərin bəyan edilməsi ilə bağlı növbəti məlumatlandırma sessiyası İmişli, Saatlı və Sabirabad rayonlarında keçiriləcək. Buna qədər nazirlik tərəfindən 8 rayonda analoji tədbirlər keçirilib. Tədbirlər planına əsasən, məlumatlandırma sessiyalarının payızlıq əkinlərin aparıldığı 50-dən artıq rayonda keçirilməsi nəzərdə tutulur.” Xəbərdə belə qeyd edilir.

Mission News Theme by Compete Themes.