Press "Enter" to skip to content

Prezident İlham Əliyevin İƏT-in 15-ci Zirvə toplantısında çıxışı – VİDEO

Son yeniləmə: 29 Noyabr 2021 00:00

Bayraqdar.info – Noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci  Zirvə Toplantısı keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev toplantıda iştirak edib.

Bu barədə məlumatı Prezidentin Mətbuat xidməti yayıb.

Məlumatda bildirilir ki, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.

“Dövlət başçıları xatirə şəkli çəkdiriblər.

“Sonra Prezident Q. Berdiməhəmmədov İƏT-in 15-ci Zirvə Toplantısında iştirak etmək üçün Türkmənistana gələn digər qonaqları qarşılayıb.

“Dövlət və hökumət başçıları birgə foto çəkdiriblər.

“Prezident Q.Berdiməhəmmədov Zirvə Toplantısında tədbir iştirakçılarını salamlayıb. Türkmənistan Prezidenti İƏT-in 15-ci Zirvə Toplantısına ev sahibliyi etməkdən məmnun olduğunu deyib. Təşkilatın üzv ölkələr arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyini vurğulayıb.

“Türkiyə Prezidenti Recep Tayyip Erdoğan təşkilatda sədrliyin Türkiyədən Türkmənistana keçdiyini bildirib. O, İƏT-ə üzv ölkələrin koronavirusla mübarizədə səylərinin birləşdirilməsinin vacibliyini vurğulayıb və bu sahədə ölkəsində görülən işlərdən danışıb”, – deyə məlumatda qeyd edilir.

Prezident R.T.Erdoğan “Birlikdə gələcəyə” devizi ilə keçirilən Zirvə Toplantısının ortaq hədəfləri müəyyənləşdirmək, ticarət həcmini artırmaq, iqtisadi əlaqələri fəallaşdırmaq üçün yaxşı fürsət olduğunu vurğulayıb. Türkiyə Prezidenti deyib: “Türkiyənin irəli sürdüyü Xəzərdən keçən Şərq-Qərb Orta dəhliz təşəbbüsü və Bakı-Tbilisi-Qars dəmir yolu xətti bu kontekstdəki səylərimizin ən əyani təzahürüdür. Ölkəmizlə bölgəmiz arasında birbaşa avtomobil yolu bağlantısını quracaq Zəngəzur dəhlizinin də önəmi böyükdür.”

Sonra Azərbaycan dövlət başçısı İ.Əliyev Zirvə Toplantısında çıxış edib:

“Qardaşım, Türkmənistan Prezidenti Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədova göstərilən qonaqpərvərliyə görə təşəkkürümü bildirmək və Türkmənistanı İqtisadi Əməkdaşlıq Təşkilatında (İƏT) uğurlu sədrlik münasibətilə təbrik etmək istərdim. Fürsətdən istifadə edərək, qardaş Özbəkistanı İƏT-də sədrliyi öz üzərinə götürməsi münasibətilə təbrik edir və Təşkilata rəhbərlik işində uğurlar arzu edirəm”.

Daha sonra İ.Əliyev bildirib: “Azərbaycan İƏT-in fəal üzvüdür. İƏT-ə üzv dövlətlərlə münasibətlərimiz dostluq və qarşılıqlı hörmətə əsaslanır. Biz, həmçinin beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində İƏT-ə üzv dövlətlərlə səmərəli əməkdaşlıq edirik.

“İƏT-in mart ayında keçirilmiş XIV Zirvə Toplantısında İƏT-in Tədqiqat Mərkəzinin Nizamnaməsi imzalanmışdır. Mən Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin təşəbbüsünün üzv dövlətlər tərəfindən dəstəklənməsinə görə təşəkkürümü bildirirəm. Azərbaycan ölkəmizdə yerləşəcək Mərkəzin səmərəli fəaliyyətinin təmin edilməsi üçün səylərini əsirgəməyəcək. Mən digər üzv dövlətləri bu mühüm təşəbbüsə qoşulmağa dəvət edirəm”, – deyə Prezident qeyd edib.

Mission News Theme by Compete Themes.