Press "Enter" to skip to content

Hulusi Kılıç: Bu, Azərbaycanın növbəti uğurudur

Hulusi Kılıç

Son yeniləmə: 28 Noyabr 2021 00:14

Bayraqdar.info – “Soçi görüşü Azərbaycanın daha bir uğuru kimi yadda qaldı. Noyabrın 26-da Soçidəki masaya qalib, müzəffər, qəhrəman kimi oturan Ali Baş Komandan cənab İlham Əliyev bu masadan da qalib ayrıldı”.

Bu sözləri noyabrın 26-da Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşü dəyərləndirən Türkiyənin ölkəmizdəki sabiq səfiri Hulusi Kılıç deyib.

Bayraqdar.info-ya özəl açıqlamasında H.Kılıç “Soçi görüşündə can Azərbaycanımızın Ali Baş komandanı, cənab Prezident İlham Əliyev istədiklərini aldı. Cənab İlham Əliyev postmüharibə dövründə bütün çıxışlarında ilk olaraq delimitasiya və demarkasiya məsələlərinin həll olunmasının vacibliyini bəyan edirdi. Son vaxtlar bölgədə, yəni Ermənistan-Azərbaycan sərhəddində baş verənlər də bunun vacib olduğunu təsdiqlədi. Bəlli oldu ki, delimitasiya və demarkasiya məsələlərinin həll edilməməsi bölgədə yeni münaqişə təhlkəsi yaradır. Beləliklə, Soçi görüşündə Ermənistan- Azərbaycan sərhədində sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması üzrə addımların atılması və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası, sonradan tərəflərin sorğusu əsasında Rusiya Federasiyasının məsləhət yardımı ilə sərhədin demarkasiyası üzrə ikitərəfli komissiya yaradılması barədə razılıq əldə edildi. Bu da cənab Prezident İlham Əliyev başda olmaqla Azərbaycanın növbəti uğurudur” , – deyə bildirib.

Keçmiş səfir deyib ki, Azərbaycanın Soçi görüşündəki digər bir uğuru da avtomobil və dəmir yollarının açılmasını nəzərdə tutan layihələrə başlanmasına dair qərarların qəbulu ilə bağlıdır: “Bildiyiniz kimi cənab İlham Əliyev Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasının vacibliyini də hər zaman bəyan edir. Noyabrın 26-da imzalanan bəyanatda bu məqamın əks olunması da Azərbaycanın növbəti uğurudur”.

Müsahibimiz qeyd edib ki, əslində istər delimitasiya və demarkasiya məsələlərinin həlli, istərsə də bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası son nəticədə regionun sülh və sabitlik içində inkişafını şərtləndirəcək: “Bu da başından bəri Azərbaycan tərəfinin bəyan etdiyi və ortaya qoyduğu mövqedir. Yəni, Cənubi Qafqazın gələcək inkişafı əbədi sülhün əldə edilməsindən keçir ki, bunun üçün də Azərbaycanın təklif etdiyi əməkdaşlıq açar rolunu oynayır. Soçi görüşündə imzalanan bəyanatın kökündə dediyimiz məqamların dayanması bu görüşün məhz Azərbaycanın maraqlarına uyğun tamamlandığını deməyə əsas verir. Bir sözlə, Azərbaycan bu görüşdə də qarşısına qoyduğu məqsədlərə nail oldu və Soşi bəyanatında cənab Prezidentin mövqeyi hər hansı bir şərt qoyulmadan öz əksini tapdı”.

“Öz növbəsində nəqliyyat əlaqələrinin bərpası o deməkdir ki, tez bir zamanda Zəngəzur dəhlizi açılmalıdır. Rusiya Prezidenti V.Putinin də çıxışında bir neçə dəfə bu məqama toxunması ondan xəbər verir ki, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə təsis edilmiş Üçtərəfli İşçi Qrupunun fəaliyyəti öz səmərəsini verəcək və bu ilin sonuna qədər Zəngəzur dəhlizi açılacaq. Ümumiyyətlə Rusiya Prezidentinin Soçidəki mövqeyi onun məsələyə ədalətli yanaşdığına işarə edir” , – deyə H.Kılıç sonda əlavə edib.

Mission News Theme by Compete Themes.