Press "Enter" to skip to content

Zərifliyi ilə üzükdən keçən kəlağayının müqəddəsliyi

Azərbaycan kəlağayısı

Son yeniləmə: 27 Noyabr 2021 09:50

Bayraqdar.info – Abırımız, ismətimiz, saflığımız, müqəddəsliyimiz – kəlağayı… 26 noyabr kəlağayının günü idi axı…

Nənəm bizə gələndə həmişə ağ, ya da noxudu rəngli kəlağayı örtərdi. Onun ağ kəlağyısının yeləni tünd bənövşəyi rəngdə buta naxışlarından ibarət idi. Uşaq idim, 3-4 yaşım olardı, nənəmin qabağına qaçardım. Ağappaq, bəstəboy, gözəl-göyçək nənəm də məni qucaqlayanda kəlağayısının ətrini nəfəsimə çəkərdim. Sonra nənəm uzun donunun cibindən rəngbərəng, saçaqlı konfetlər çıxarıb ovcuma basardı. O, yerdə döşəkçədə arxasına mütəkkə qoyub əyləşərdi, heç vaxt stulda oturmazdı. Mən də gedib nənəmin qucağında oturardım və onun kəlağayısının buta naxışları ilə oynayardım.

Nənəmdən fərqli olaraq anam noxudu kəlağayı örtərdi. Baxmayaraq ki, evimizdə ağ kəlağayılar da var idi, O, nədənsə noxudu kəlağayıya üstünlük verirdi. Noxudu kəlağayı noxud rəngində olduğu üçün belə adlanırdı. Yadımdadır ki, evimizdə bir çemodan təmiz ipək kəlağayı var idi. O kəlağayıları toylarda toy hədiyyəsi olaraq vermişdilər. Kənddə adamları toya dəvət etməyə gedənlər mütləq qollarına qırmızı, çəhrayı kəlağayı bağlayırdılar. Elə ki, iki nəfər qolu kəlağayılının kənddə dolaşdığını görürdük, bilirdik ki, onlar toy dəvətnaməsi paylayırlar. Hə, bir də bəyin, gəlinin sağdış-soldışının qolları və boynuna kəlağayı bağlayırdılar. Bu, bir adət idi.

Xalça Muzeyində kəlağayı sərgisi

Gəlin gətirməyə gedənlər gəlinlik avtomobilinin üzərinə kəlağayı sərər, onun üstündə də bəzəkli bir gəlincik əyləşdirərdilər. Eyni zamanda gəlinlik avtomobilinin güzgüsünə də kəlağayı bağlanırdı. O, həm də bir xoşbəxtlik rəmzi idi. Elçilik, xınayaxdı və xonça mərasimlərində kəlağayının rolu əvəzsiz idi. Elçilikdə qızın “hə” cavabı alındıqdan sonra oğlan evindən olan yaxın qadınlardan biri onun başına kəlağayı örtərdi və barmağına üzük taxılardı. Bu da o anlama gələrdi ki, yəni, bu qız bizimdir. Örtük onu yad gözlərdən qorumaq üçün idi. Xınayaxdı mərasimində də qırmızı kəlağayını gəlin gedəcək qızın başına örtüb əl-ayağına xına çəkərdilər. Xonça mərasimində isə gəlinə gələn xonçalarda başqa hədiyyələrlə bərabər qiymətli hədiyyə kimi mütləq kəlağayı da qoyulurdu. Toylarda həyətə gələn aşığın, zurnaçının da sazına, zurnasına kəlağayı bağlanırdı. Qızlar, gəlinlər toya, bayrama gedəndə rəngbərəng paltarlar geyinib, kəlağayı örtürdülər.

Şəki ipəyi və Basqal

Kəlağayıdan söz düşəndə ik ağla gələn Şəki ipəyi və Basqal olur. İpək sapdan toxunduğu üçün kəlağayılar əsasən Şəkidə və İsmayıllının Basqal qəsəbəsində hazırlanır. 1870-ci ildə Basqal kəlağayısı Londonda keçirilən sənət sərgisində gümüş medala layiq görülüb. Əldə etdiyimiz məlumatlara görə, tarix boyu Təbriz, Gəncə, Şamaxı, Şəki, və Naxçıvan şəhərlərində də yüksək keyfiyyətli kəlağayılar hazırlanıb.

Əsrlərcə tarixi olan kəlağayının ərsəyə gəlməsi mürəkkəb proses olduğundan burada bir neçə peşə növünün nümayəndəsi – toxucu (tərrax- kəlağayı toxuyan), boyaqçı (kəlağayını boyayan), qəlibçi (qəlibin köməkliyi ilə kəlağayıya müxtəlif naxışlar vuran), kəlağayıçı (ornamentalist sənətkar) iştirak edir. Çəkisi 125 qram olan, bir üzükdən keçə bilən bu unikal örtüyün boyanıb naxışlanması iki gün çəkir və qəribə görünsə də adətən bu qadın baş geyimi kişilər tərəfindən hazırlanır. Belə ki, qaynayan rənglərlə, qəliblə işləmək kimi çətin işin öhdəsindən yalnız kişilər gələ bilər.

Naxışları buta-buta

Kəlağayının naxışları ağac və ya metal qəlib vasitəsilə vurulur. Onun yeləni (haşiyəsi), bəzən isə xonçası (ortası) basmanaxış üsulu ilə həndəsi və ya nəbati naxışlarla bəzədilir. Naxışlar içərisində daha çox butalar üstünlük təşkil edir ki, bu da Azərbaycan ornament sənətində ən çox yayılmış bəzək elementlərindən biridir. Şəki və Basqal kəlağayıları içərisində “Şah buta”, “Saya buta” və “Xırda buta” çeşnilərindən daha çox istifadə olunur. “Heyratı”, “Soğanı”, “İstiotu”, “Albuxarı”, “Abı”, “Yeləni” adlı əlvan kəlağayılar da vaxtı ilə Yaxın Şərq və Qafqaz xalqları arasında böyük şöhrət qazanıb.

Kəlağayıya naxış vurmaq üçün alətlər

Baş örtüyünün hazırlanma prosesində ən aparıcı qüvvə boyaqçı hesab olunur. Çünki hazır kəlağayıları küpxanada qaynar şəkildə boyamaq böyük zəhmət, virtouz bacarıq və incə duyma qabiliyyəti tələb edir. Əsasən ağ, qara, soğanı və yaşıl rənglərdə 150×150 sm və 160×160 sm ölçüyə malik olan kəlağayının boyanmasında sumaq, zirinc, narınc, cır alma, zəfəran, qarağat və s. bitkilərdən istifadə edilir.

2014-cü il noyabrın 26-da Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Kəlağayılar şairlərin şeirlərində, aşıqların mahnılarında həmişə tərənnüm edilib.

Kəlağayının əsas xüsusiyyətlərindən biri onun həm istilik, həm də sərinlik gətirməsidir.

Kəlağayı həm də Novruz bayramının atributu sayılır. Novruz bayramını kəlağayısız təsəvvür etmək sadəcə mümkün deyil. Bayram öncəsi çərşənbələrdə qonşular, qohumlar bir yerə toplaşar, hərə bir kəlağayı örtüb şəkərbura, paxlava, qoğal tədarükü görər. Milli geyimin ən gözəl atributudur kəlağayı.

Kəlağayıdan bu gün də Azərbaycanda geyim elementi kimi istifadə olunur və çadradan fərqli olaraq onun dinlə heç bir əlaqəsi yoxdur. Qadınlar kəlağayını müxtəlif yaş dönəmlərində rənginə və formasına görə örtürlər. Yaşlı və qoca qadınlar onu çalma, yaxud dingə şəklində bağlayırlar. Cavanlar və qızlar isə örpək kimi istifadə edirlər. Qadınlar yas yerlərində qara, toy mərasimlərində isə əlvan naxışlı kəlağayılar bağlayarlar. Ümumiyyətlə, yaşlı qadınlar tünd, geniş ölçülü, gənc qadınlar isə ağ və əlvan rəngli kiçik ölçülü kəlağayı örtürlər.

Kəlağayı Muzeyi

Basqalda “Kəlağayı” Mərkəzi fəaliyyət göstərir. Burada bütün kəlağayı ənənələri tamamilə bərpa olunub. Burada həmçinin nadir interaktiv Kəlağayı Muzeyi yaradılıb. Muzeyə gələn ziyarətçilər nəinki kəlağayının tarixi və ənənələri ilə tanış olur, eləcə də sənətin yaranma prosesini canlı görür, hətta məhsulun hazırlanmasında da iştirak edə bilirlər.

Məşhur qırğız xanımı Assol Moldokmatova Xaçmaz Tarix Diyarşünaslıq Muzeyində kəlağayı və səhənglə. Foto: Azər Həsrət. 12 sentyabr 2021.

Kəlağayı Basqalakı muzeydən başqa Moskvada Dövlət Şərq Xalqlarının İncəsənət Muzeyində, Bakıda Milli Tarix Muzeyində, Azərbaycan İncəsənət Muzeyində və başqa bənzər qurumlarda müqəddəs atribut kimi qorunur. Eyni zamanda, bu nadir zəriflik mücəssəməsi ölkəyə gələn turistlərin də diqqətini cəlb edir. Onlar buradan gedəndə kəlağayı alıb Azərbaycandan bir xatirə kimi özlərilə aparırlar. Kəlağayının verdiyi ruhsal hüzur, rahatlıq, əmin-amanlıq, xanım-xatınlıq qadına qadınlıq qüdrətini qaytarır. Kəlağayıda sanki bir gözəgörünməz sehr var, kim onu örtürsə dəyişilir, məsumlaşır, saflaşır, sakitləşir. Azəbaycan xalqının müqəddəs tərənnümçüsüdür kəlağayı…

Qeyd: Yazı hazırlanarkən açıq mənbələrdəki informasiyalardan istifadə edilib. Müəllifi göstərilməyən şəkillər də açıq mənbələrdən götürülüb.

Redaktə: Azər Həsrət

Mission News Theme by Compete Themes.