Press "Enter" to skip to content

Yücel Karauz: Yenə də qazanan tərəf Azərbaycan oldu

Dr. Yücel Karauz

Son yeniləmə: 27 Noyabr 2021 18:19

Bayraqdar.info – “Bu görüşlə əlaqədər öncədən də dediyim kimi, istər Soçi, istər Brüssel, istərsə də dünyanın harası olursa-olsun Azərbaycan üçün fərq eləmir. Çünki Azərbaycan haqlı və qalib dövlətdir. Eyni zamanda Vətən müharibəsindən sonra yaranmış reallıq ortadadır”.

Bunu bayraqdar.info-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz deyib.

Noyabrın 26-da Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşü dəyərləndirən general daha sonra bildirib: “Soçi görüşünü Rusiyanın N.Paşinyana və Avropaya yerini göstərməsi kimi dəyərləndirmək olar. Yəni Rusiya Soçi görüşünü proseslə bağlı Avropanı qabaqlamaq, həmçinin ərköyün uşaq kimi Avropaya yalvarmaqla sülh prosesini ləngitməyi planlaşdıran N.Paşinyana yerini göstərmək, onu 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın bütün bəndlərinə əməl etməyə məcbur etmək üçün təşkil etdi. Dolayısı ilə Soçi görüçü dekabrın 15-də keçirilməsi planlaşdırılan Brüssel görüşünü boşa çıxardı. Bununla da N.Paşinyanın Qərbə, Qərbin isə N.Paşinyana yarınmaq üçün hansısa oyunlara əl atmaq istəyi bəri başdan iflasa uğradı”.

Y.Karauzun sözlərinə görə, xüsusilə də Zəngəzur dəhlizinin gündəmə gəlməsi, müzakirə edilməsi Soçi görüşünü tarixə yazdı: “Hesab edirəm ki, Zəngəzur dəhlizinin açılmasının vacibliyinin V.Putin tərəfindən bir daha həm Ermənistana, həm də bütün dünyaya çatdırılması Soçi görüşünün tarixi əhəmiyyətindən xəbər verir. Rusiya bununla eyni zamanda Ermənistana, N.Paşinyana “İkili oynama. Sənə qonşu olan, sənə hər cür dəstəyi verən mənəm. Avropa səndən uzaqdadır. Əgər Avropa ilə rəqs edərsənsə sonun yaxşı olmaz. Bu, sənə tanıdığım son şansdır” mesajını vermiş oldu. Həmçinin, görüşdə atəşkəsin sülh razılaşmasına doğru yönəlməsi ilə bağlı fəaliyyətlərə vurğu edilməsini də önəmli hesab edirəm. Ümumilikdə isə, birmənalı olaraq qeyd edim ki, bu görüşün də qazanan tərəfi Azərbaycan oldu. Qazanan hüquq oldu. Brüsselə gedərkən, N.Paşınyan topal ördəyə döndü”.

Mission News Theme by Compete Themes.