Press "Enter" to skip to content

Yeganə Hacıyeva: Soçi görüşü böyük sülhə gedən yolda mühüm addımdır

Son yeniləmə: 27 Noyabr 2021 01:43

Bayraqdar.info – “Soçi görüşünü məhsuldar hesab edirəm. Bu görüşü ümumilikdə üçtərəfli bəyanatın imzalanmasından keçən bir il ərzində həmin razılaşmanın şərtlərindən irəli gələn ardıcıllığı izləmək üçün bir şans kimi dəyərləndirə bilərik”.

Bunu bayraqdar.info-ya özəl açıqlamasında politoloq Yeganə Hacıyeva deyib.

Noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşü dəyərləndirən politoloq bildirib: “Bildiyimiz kimi bu görüş zamanı tərəflərin öz üzərlərinə götürdükləri öhdəlikləri bir il ərzində nə qədər yerinə yetirdiklərinə nəzər salınıb. Ümumiyyətlə Rusiyanın təşəbbüsü ilə keçirilən bu görüş mühüm əhəmiyyət kəsb edir”.

“Bu görüşdə müzakirə olununlardan kənarda bir məqam var ki, onu qeyd etmək istəyirəm. Yəni, əslində bu görüş noyabrın 9-da baş tutmalı idi. Lakin məhz Ermənistan tərəfinin israrı ilə həmin gün görüş baş tumadı. Ermənistan bunu noyabrın 9-u tarixinin bu ölkə üçün faciəli gün kimi olduğu ilə əsaslandırdı. Bunun ardınca noyabrın 16-da sərhəddə gərginlik oldu. Bu gərginlikdən təxminən iki gün sonra Brüsseldə Avropa Birliyi Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Azərbaycan və Ermənistan rəhbərlərinin görüşünün olacağına dair məlumat yayıldı. Bəlli oldu ki, bu görüş dekabrın 15-nə təyin olunub. Bunun ardınca isə Soçidə noyabrın 26-da növbəti üçtərəfli görüşün olacağına dair məlumat yayıldı. Yəni, bu görüşlər barədə xəbərlərin ardıcıllığını nəzərdən qaçırmaq olmaz” , – deyə Y.Hacıyeva qeyd edib.

Müsahibimiz deyib ki, noyabrın 16-da sərhəddə baş verən gərginlik bir reallığı növbəti dəfə ortaya qoydu: “Bəlli oldu ki, tərəflər arasında problem tam həll olunmayınca, əbədi sülh müqaviləsi imzalanmayınca bu cür gərginliklər davam edəcək. Yəni üçtərəfli bəyanatın həyata keçməyən bəndləri (bu bəndlərin də məhz Ermənistan tərəfindən həyata keçmədiyini vurğulamalıyıq- Y.H) üzərində formalaşan risklər bölgədə hər zaman münaqişə, qarşıdurma təhlükəsi yaradır. Həyata keçməyən bəndlərə gəlincə, bunların başında delimitasiya və demarkasiya məsələləri dayanır. Məhz bu məsələlərin öz həllini tapmaması səbəbindən Ermənistan tərəfindən sərhəddə təxribatlar törədilir ki, bu da ümumilikdə sülh prosesinə kölgə salır. Ona görə də ilk növbədə bu məsələ həllini tapmalıdır ki, burada da məsuliyyət Ermənistanın üzərinə düşür”.

Y.Hacıyeva onu da bildirib ki, Rusiya bu ilin mayında bəhs edilən məsələnin həllini tapması üçün ortaya konkret mövqe qoyub: “Rusiya bu məsələnin tezliklə həlli üçün üçtərəfli komissiyanın yaradılmasını təklif edib. Yəni Rusiya Müdafiə Nazirliyinin Baş Qərargah İdarəsində olan xəritələr əsasında fəaliyyət göstərəcək bu komissiyanın formalaşması ümumilikdə prosesi irəli apara bilər. Amma məhz həmin vaxt “irəlidə seçki var. Mənim başım seçkiyə qarışıb”deyən Ermənistanın Baş naziri Nikol Paşinyan bu prosesin seçkidən sonra həyata keçirilməsini istədi. Əslində o, bununla özünün hakimiyyətdə qalmasını, yəni Rusiya, həmçinin regionda sülhün təmin olunmasında maraqlı olan digər ölkələr tərəfindən dəstəklənməsini təmin etdi. Amma seçkidən sonra biz Ermənistanın silsilə təxribatları ilə üzləşdik. Bölgədəki kövrək sülhün pozulması istiqamətində Ermənistan tərəfindən davamlı addımlar atıldı”.

Politoloq qeyd edib ki, bütün bu sadalananlar fonuda noyabrın 26-da baş tutan üçtərəfli Soçi görüşü bır sıra məqamlarla yadda qaldı: “Öncəliklə ümumilikdə ötən bir il pozitiv dəyərləndirildi. O istiqamətdə ki, Rusiya və Azərbaycan öz öhdəlik və məsuliyyətlərini yerinə yetirirlər. Ermənistan tərəfi isə öhdəlik və məsuliyyətində dürüst deyil. Ammu bu o demək deyil ki, Ermənistan tərəfinin məhz kommunikasiyaların açılması və Ermənistan yollarının de-blokadası təşəbbüsləri çərçivəsində təxribatlarına göz yumulacaq. İkinci, bayaq haqqında danışdığım demarkasiya və delimitasiya üzrə komissiyanın formalaşdırılması üçün ümumi fikir bildirildi. Qeyd olundu ki, bu komissiya mütləq olmalıdır. Kommunikasiyaların, Zəngəzur və Mehri koridorunun açılması ilə bağlı müəyyən fikirlər səsləndi. Ümumilikdə, bu görüş bir daha o qənaəti formalaşdırdı ki, Zəngəzur dəhlizi açılmalıdır və açılır. Bu istiqamətdə Ermənsitan tərəfinin bəzi iddiaları isə sərsəmləmədən başqa bir şey deyil. Ermənistan, həmçinin demarkasiya və delimitasiya məsələlərində gedən prosesi sabotaj etməməlidir. Nəhayət, bu görüşü böyük sülhə hazırlama prosesində mühüm addım kimi dəyərləndirirəm. Yəni, Soçi görüşü böyük sülhə gedən yolda mühüm addımdır”.

Mission News Theme by Compete Themes.