Press "Enter" to skip to content

Vüqar İskəndərov: Ermənistan Soçi masasından da məğlub durumda ayrıldı

Vüqar İskəndərov

Son yeniləmə: 3 Noyabr 2022 00:14

Bayraqdar.info – 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfər öz müsbət təsirini Soçi görüşündə də göstərdi. Belə ki, Azərbaycan bu görüşdə də qarşısına qoyduğu məqsədlərə nail oldu. Müharibədə darmadağın olan Ermənistan Soçi masasından da məğlub durumda ayrıldı”.

Bunu noyabrın 26-da Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşü dəyərləndirən Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Bayraqdar.info-ya özəl açıqlamasında deputat Soçi görüşünü qalib Azərbaycanın növbəti uğuru kimi dəyərləndirib.

Qeyd olunub ki, istər danışıqlar zamanı ifadə edilən fikirlər, istərsə də görüşün yekunu olaraq imzalanan bəyanatda əks olunanlar da deyilənlərin sübutudur: “Bəlli olduğu kimi imzalanan sənəddə Azərbaycan Prezidentinin mövqeyi hər hansı bir şərt qoyulmadan öz əksini tapdı. Eyni zamanda, həmin bəyanatda Qarabağ ifadəsinin olmaması da Azərbaycanın haqlı və qətiyyətli mövqeyinin ifadəsi kimi dəyərləndirilməlidir. Nəhayət, yekun sənəddə erməni tərəfinin həmişə iddia etdiyi əsir və ya girovlar məsələsinə toxunulmaması bu görüşdən qalib ayrılan hansı tərəfin olduğuna tam aydınlıq gətirir”.

V.İskəndərov sonda onu da bildirib ki, bundan sonra Ermənistanın bir yolu qalır: “Ağlını başına toplayıb 10 noyabr üçtərəfli bəyanatının bəndlərinə əməl etmək. Təbii ki, bu istiqamətdə də hazırda atılmalı ilk addım Zəngəzur dəhlizinin açılması olmalıdır. Soçi görüşündəki mətbuat konfransında V.Putinin dəfələrlə dəhliz ifadəsini işlətməsini də nəzərə alsaq, Zəngəzur dəhlizi layihəsinin Rusiya tərəfindən də dəstəkləndiyini deyə bilərik”.

Mission News Theme by Compete Themes.