Son yeniləmə: 27 Noyabr 2021 02:14
Bayraqdar.info – Türkiyənin Cümhurbaşqanı Recep Tayyip Erdoğan bu gün Türkmənistana rəsmi səfərə gedir.
Bu barədə Türkiyə Cümhurbaşqanlığı İletişim Başkanlığı noyabrın 26-da məlumat yayıb.
Məlumatda deyilir ki, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə baş tutacaq iki günlük rəsmi səfər çərçivəsində R.T.Erdoğan həmçinin bu ölkədə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci Liderlər Zirvə toplantısında da iştirak edəcək.
Rəsmi səfər çərçivəsində noyabrın 27-də keçiriləcək görüşlərdə Türkiyə-Türkmənistan münasibətlərinin bütün aspektləri, həmçinin iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanları nəzərdən keçiriləcək, o cümlədən regional məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
R.T.Erdoğan rəsmi səfərin ardından Türkmənistan Prezidenti Q.Berdiməhəmmədovun rəhbərliyi ilə noyabrın 28-də “Gələcəklə birlikdə” mövzusunda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci Liderlər Zirvə toplantısında iştirak edəcək.
“Sammit çərçivəsində Türkiyənin qurucu üzvü olduğu İqtisadi Əməkdaşlıq Təşkilatının fəaliyyətinin səmərəliliyinin artırılması, üzv ölkələr arasında ticarət və nəqliyyat şəbəkələrinin genişləndirilməsi, COVID-19 ilə mübarizə və pandemiyadan sonrakı hazırlıq dövründə Təşkilat daxilində koordinasiya və əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də gələcəyə hesablanmış iqtisadi əməkdaşlığın gücləndirilməsi mövzusunda fikir mübadiləsinin aparılması da planlaşdırılır” , – deyə məlumatda vurğulanır.
Qeyd edilir ki, Cümhurbaşqanı R.T.Erdoğanın Təşkilata sədrliyi Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova təhvil verəcəyi toplantı çərçivəsində bəzi iştirakçı ölkələrin liderləri ilə ikitərəfli görüşlər keçirəcəyi də gözlənilir.