Press "Enter" to skip to content

Qızıl fond – müharibə veteranları

Azərbaycan Hərb Tarixi Muzeyi

Son yeniləmə: 27 Noyabr 2021 00:30

Bayraqdar.info – Azərbaycan Hərb Tarixi Muzeyinin təşkilatçılığı ilə noyabrın 26-da Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Birinci Qarabağ müharibəsi veteranlarına həsr olunmuş “Dinamik güc mənbəyimiz – müharibə veteranlarımız!” adlı tədbir keçirilib.

Bu barədə bayraqdar.info-ya Müdafiə Nazirliyindən xəbər verilib.

Tədbirdə Birinci Qarabağ müharibəsi qaziləri, Müdafiə Nazirliyinin, hərbi hissələrin, veteran təşkilatlarının, digər idarə və müəssisələrin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli lider Heydər Əliyevin, şəhid olmuş həmvətənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə “Müharibə Veteranları Təşkilatlarının Koordinasiya Mərkəzinin yaradılması və müharibə dövründə fəaliyyəti” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi bildirib ki, 20 veteran “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib. Hazırda bu salona toplaşmış veteranlar müharibə zamanı göstərdikləri vətəndaş mövqeyinə və fədakarlığa görə Müdafiə Nazirliyinin fəxri fərmanına layiq görülüblər.

Çıxışlardan sonra Zəfər Gününə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Daha sonra Birinci Qarabağ müharibəsi veteranlarının bir qrupu (186 nəfər) 44 günlük müharibə zamanı arxa cəbhədə göstərdiyi xidmətlərə görə fəxri fərmanlarla təltif olunub.

Sonda Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin hərbi orkestri, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri qəhrəmanlığı və vətənpərvərliyi tərənnüm edən mahnılar səsləndiriblər.

Mission News Theme by Compete Themes.