Press "Enter" to skip to content

Medianın dili geniş müzakirə edildi, nöqsanlar dilə gətirildi

Toplantıdan görüntü

Bayraqdar.info – Azərbaycan Mətbuat Şurası (MŞ) və Azərbaycan Yazıçılar Birliyi (AYB) noyabrın 26-da “Azərbaycan dilindən düzgün istifadə: ədəbi-bədii mühit və media” mövzusunda birgə toplantı keçirib.

Xəbər bayraqdar.info-ya MŞ-dən verilib. Mövzunun və xəbərin önəmini nəzərə alaraq onu olduğu kimi təqdim edirik:

“Noyabrın 26-da Mətbuat Şurası və Yazıçılar Birliyinin birgə təşəbbüsü ilə “Azərbaycan dilindən düzgün istifadə: ədəbi-bədii mühit və media” mövzusunda toplantı keçirilib.

“Tədbiri giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov bildirib ki, dil hər bir xalqın mövcudiyyət göstəricisidir. Ona ehtiram yalnız mənəvi məsələ deyil, eyni zamanda məcburiyyətdir. Azərbaycan dilinin saflığına, onun yad təsirlərdən qorunmasına hər zaman həssas yanaşılıb. Hələ ötən əsrin 50-ci illərindən məsələ ziyalıları düşündürüb, onlar mübarizə apararaq ana dilimizə hüquqi status verilməsinə nail olublar. Ə.Amaşov bu baxımdan Azərbaycanın 1978-ci il Konstitusiyasına diqqət çəkib.

“MŞ sədri müstəqillik illərində ölkəmizdə həyata keçirilmiş dil siyasətindən də söz açıb. O, ayrı-ayrı fərman və sərəncamlarda, dövlət proqramlarında məsələyə kifayət qədər həssas yanaşıldığını vurğulayıb.

“Şura sədri həmçinin rəhbərlik etdiyi qurumun çap mediasında apardığı monitorinqlərə də diqqət çəkərək bildirib ki, MŞ qəzetlərdə və internet informasiya resurslarında ədəbi dilin norma və prinsiplərinin pozulması hallarını qruplaşdırıb. Bununla bağlı tədbirlər təşkil edərək yol verilmiş nöqsanları media rəhbərlərinin nəzərinə çatdırıb. Ancaq demək olmaz ki, bu sahədə problemlər azdır, onların sayı kifayət qədərdir.

““Bu gün burada hamımızın sevimlisi, dəyərli ziyalımız, yazıçı-publisist Seyran Səxavət özünün müşahidələrini təqdim edəcək. Seyran müəllim əsasən telekanallardakı dil pozuntularından söz açacaq. Amma biz bilirik ki, problemlər ümumilikdə mediaya aiddir. Yəni telekanallardakı mənfi hallar digər KİV-lər üçün də xarakterikdir”, – deyə Ə.Amaşov vurğulayıb.

“MŞ İdarə Heyətinin üzvü, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bildirib ki, yazıçı-publisist Seyran Səxavət ortaya kifayət qədər məhsuldar iş qoyub. Dil pozuntularına olduqca həssas yanaşıb. Onun diqqətə çatdıracağı məqamlarla tanışdır və həmin məqamlar aktual əhəmiyyət daşımaqdadır.

“R.Məcid həmçinin bildirib ki, Azərbaycan media məkanında dil səlistliyinin olması bütövlükdə cəmiyyətin ana dilindən düzgün istifadə vərdişlərinə yiyələnməsi baxımından əhəmiyyətlidir.

“Yazıçı-publisist S.Səxavət çıxışında televiziya məkanında apardığı müşahidələr əsasında aşkara çıxardığı dil pozuntuları barədə geniş söhbət açıb. Problemləri konkret faktlarla sadalayan tanınmış yazıçı eyni xoşagəlməz halların demək olar, bütün telekanallar üçün səciyyəviliyini vurğulayıb. O, pozuntuların qorxunc mənzərə formalaşdırdığını qeyd edərək bu tendensiyanın ana dilinin gələcək varlığını şübhə altına ala biləcəyindən ehtiyatlandığını dilə gətirib, xoşagəlməz durumun aradan qaldırılması üçün təkliflər səsləndirib. Natiq bu baxımdan tanınmış dilçilər və söz adamlarından ibarət qrupun yaradılmasının və həmin qrupun dil xətalarını mütəmadi şəkildə telekanal rəhbərlərinin diqqətinə çatdırmasının zəruruliyini önə çəkib.

“Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, Prof. Sevinc Əliyeva bildirib ki, Azərbaycan dili özü sabitliyini qoruyur, ancaq dilin ifadə formalarında fərqliliklərə rast gəlinməkdədir. Bu isə kifayət qədər düşündürücüdür.

“S.Əliyeva Azərbaycan dövlətinin həyata keçirdiyi dil siyasətinin müxtəlif tərəflərindən söz açaraq bildirib ki, qəbul edilmiş fərman və sərəncamlar, əhatəli proqramlar mövcud sahədəki tənzimləmələr üçün hüquqi baza rolunu oynamaqdadır.

“S.Əliyeva Monitorinq Mərkəzinin bu il telekanalların monitorinqi zamanı dörd mindən çox nöqsan aşkarladığını deyib. O, mənfi halların aradan qaldırılması üçün inzibati metodların tətbiqinin vaxtının çatdığını bildirib. Fikrini onunla əsaslandırıb ki, edilmiş xəbərdarlıqlar çox zaman lazımi nəticəni vermir. Hərçənd əvvəlki illərlə müqayisədə media komissiyanın tövsiyələrinə daha həssas yanaşırlar.

“MŞ-nin ədəbi dilin pozulması hallarının müəyyənləşdirilməsi üçün yaratdığı monitorinq qrupunun üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasının baş müəllimi Bəhram Məmmədov çıxışında Şuranın müxtəlif illərdə apardığı monitorinqlərin nəticələrindən söz açıb. O bildirib ki, mediada əsasən üslub pozuntularına yol verilir. Elə təəssürat formalaşır ki, hansısa mətni yazmış şəxsin ümumiyyətlə adi savadı belə yoxdur.

“Çıxış edənlərdən MŞ İdarə Heyətinin üzvləri – “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev, bayraqdar.info saytnın baş redaktoru Azər Həsrət, həmçinin şair, yazıçı-publisist Zakir Fəxri, tanınmış jurnalstlər – Bakı Media Mərkəzinin əməkdaşı Müsəllim Həsənov, İmran Bədirxanlı, Etibar Cəbrayıloğlu, yazıçı-publisist Akif Cabbarlı, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu, “Yeni Azərbaycan” qəzeti ədəbiyyat şöbəsinin redaktoru Gülüş Xəlilova, teleqraf.com saytının redaktoru Qurban Yaquboğlu, “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Sarvan Bəhluloğlu, AYB Mətbuat xidmətinin rəhbəri Xəyal Rza, MŞ-nin icraçı katibi Şəmsəddin Əliyev və başqaları müzakirə olunan mövzunun əhəmiyyətinə toxunaraq bildiriblər ki, Azərbaycan dilinin qorunması sahəsində həyata keçirilməkdə olan dövlət siyasətinə dəstək göstərilməlidir. Eyni zamanda mövcud istiqamətdə ictimai qınaq və məzəmmət tədbirləri artırılmalıdır. Ən əsası, konkret nəticələrə gəlinməsi üçün müəyyən inzibati üsulların tətbiqinə də ehtiyac var. İctimai şüurda dil pozuntularına münasibətin digər qanun pozuntularına münasibət kimi qəbul edilməsinə nail olunmalıdır. Belə yanaşma dilimizin həm kənar təsirlərdən qorunmasına, həm də inkişafına şərait yaradacaqdır”.

Mission News Theme by Compete Themes.