Press "Enter" to skip to content

Fars-molla rejimi Qasım Süleymanini tərifləməyi tələb edir

Şohrə Bəyat

Bayraqdar.info – Şahmat üzrə beynəlxalq dərəcəli iranlı baş hakim ona qarşı rejimin basqıları haqqında tükürpədici açıqlamalarla çıxış edib. Şohrə Bəyat adlı xanım deyib ki, ondan İranlı general Qasım Süleymanini tərifləməsini tələb ediblər.

“Azad İran” Telegram kanalı xəbər verir ki, Ş.Bəyat bir TV müsahibəsində deyib: “Mən heç vaxt baş örtüyümü çıxarmamışam. “Fars” və “Təsnim” (hər ikisi SEPAH-a yaxındır – red.) agentlikləri mənim öndən şəklimi çəkərək yayıblar. Guya ki, baş örtüyümü çıxarmışam. Halbuki hicabımı açmamışdım. Hətta sancaq da vurmuşdum ki, açılıb düşməsin”.

“Ondan sonra mənə dedilər ki, hicabı müdafiə etmək üçün məcburi üzrxahlıq məktubu yazıb yalnız qara yaylıq taxmalı və bütün saçlarımı örtməliyəm”, – deyə o, bildirib.

Hətta bununla bağlı ondan Instagram hesabında da paylaşım etməyini tələb ediblər.

Çıxışının davamında Ş.Bəyat bildirib ki, İran Xarici İşlər Nazirliyindən ona bir siyahı göndərilib. Siyahıda yazılıb ki, o, “Fars” və “Təsnim”ə verəcəyi müsahibəsində Qasım Süleymanini tərifləməlidir. Həmin vaxt isə Q.Süleymani İraqda öldürülmüşdü.

Açıqlamasının digər hissəsində isə Ş.Bəyat qeyd edib ki, rejim onun bütün uğurlarını İslam Cümhuriyyətinə borclu olduğunu qeyd etməsini istəyib.

Sonda isə o, deyib ki, “mən bütün bunları qəbul etmədim. Əgər onların dediyini etmiş olsaydım özüm özümə nifrət edərdim”.

Mission News Theme by Compete Themes.