Press "Enter" to skip to content

BMT Baş katibi Soçi görüşünü alqışladı, Qarabağın adını çəkmədi

Antonio Guterreş

Bayraqdar.info – BMT Baş katibi Antonio Guterreş Azərbaycan və Rusiya prezidentləri, həmçinin Ermənistan Baş nazirinin 26 noyabr tarixli üçtərəfli Soçi görüşünü alqışlayır.

Bu haqda xəbəri Baş katibin sözçüsünün müavini Farhan Haq noyabrın 27-də yayıb.

Xəbərdə deyilir ki, Baş katib Ermənistan Baş naziri, Azərbaycan Prezidenti və Rusiya Prezidentinin noyabrın 26-da keçirilmiş üçtərəfli görüşünü alqışlayır. Baş katib onların birgə bəyanatını da diqqətə alır. O, Rusiyanın davamlı təmaslar və dialoqun təşkil edilməsilə bağlı rolunu dəyərləndirir.

Xəbərdə deyilir ki, A.Guterreş ən yüksək səviyyəli birbaşa təmasların bərpasından dolayı ümidlənir. O, 10 noyabr 2020 və 11 yanvar 2021-ci il tarixli bəyanatların tam olaraq tətbiqi üçün qəti addımların atılmasına liderlərin sadiqliyini də müsbət qarşılayır. Bu sədaqət bölgədə sabitliyi yüksəltməyə xidmət edir.

Baş katib BMT-nin davamlı sülhün yalnız dialoq yoluyla əldə edilə biləcəyi haqda prinsipial mövqeyini təkrarlayır. Buna görə də tərəflərin gündəm məsələlərini ATƏT-in Minsk Qrupunun himayəsi də daxil olmaqla məhz bu yolla həll etməyə üstünlük verməsini uyğun görür. BMT humanitar, bərpa və sülhyaratma yönündə bütün belə cəhdləri dəstəkləməyə hazırlığını və dəstəyini ifadə edir.

Göründüyü kimi, BMT Baş katibi açıqlamasında bir dəfə də olsun artıq tarix olmuş “Qarabağ münaqişəsi” ifadəsini işlətmir. Eyni zamanda, Ermənistan tərəfinin arzu etdiyi hər hansı sərt ritorikaya da bu açıqlamada yer verilmir. ATƏT-in Minsk Qrupunun adının qeyd edilməsinə gəlincə, burada da qəribə heç nə yoxdur. Çünki bu Qrup hələ ki, ləğv edilməyib və protokol gərəyi ona istinad edilməsi başa düşüləndir…

Mission News Theme by Compete Themes.