Press "Enter" to skip to content

Yücel Karauz: Ermənistan Qafqazların, Yunanıstan da Avropanın ərköyün uşağıdır

Dr. Yücel Karauz

Son yeniləmə: 26 Noyabr 2021 11:13

Bayraqdar.info – Məlum olduğu kimi son vaxtlar Yunanıstan regionda vəziyyətin gərginləşməsinə xidmət edən bəzi addımlar atır. Bu addımlar isə Türkiyə tərəfindən kəskin əks-reaksiya ilə qarşılanır. Bəs, hadisələrin bu cür inkişafı Yunanıstanla Türkiyə arasında müharibəyə səbəb ola bilərmi?

Bayraqdar.info-nun bu sualını cavablandıran Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz öncə onu dedi ki, əslində Yunanıstanın bu addımları ilə Ermənistanın addımları arasında oxşarlıq var: “Qafqazların ərköyün uşağı Ermənistan nədirsə, Avropanın da ərköyün uşağı Yunanıstan odur. Yunanıstan yerləşdiyi coğrafiyada bəzi üstünlüklərdən yararlanaraq sadəcə bir forpost dövlət olmağa davam edir. Bu, öz müstəqil siyasətini həyata keçirə biləcək, qonşularla yaxşı münasibətlər qura biləcək bir dövlət deyil. Yunanıstan qlobal güclərin maraqlarına xidmət etmək üçün var olan bir dövlətdir”.

General bildirdi ki, Türkiyə isə “yurdda sülh, cahanda sülh” fəlsəfəsinə sadiq qalaraq öz sərhədləri daxilində müstəqil yaşamağı hədəfləmiş bir dövlətdir: “Türkiyənin heç kimin torpağında gözü yoxdur. Amma öz torpağı, milli maraqlarından da bir addım belə geri çəkilən deyil. Onu da deyim ki, Türkiyə Yunanıstanla istənilən problemi sülh yolu ilə çözmək üçün hər zaman dialoqa üstünlük verir. Lakin Yunanıstanın arxasında gizlənən bəzi xarici güclər var və əslində regionda suyu bulandıranlar da məhz onlardır. Yəni necə ki, Qafqazda Ermənistandan bir maşa kimi istifadə edib öz maraqlarını təmin etmək istəyirlər, eyni hal Yunanıstanın timsalında da təkrarlanır”.

Y.Karauzun sözlərinə görə, Türkiyə silahlı qüvvələrinə görə dünyanın 11-ci güclü dövlətidir: “Yunanıstan isə bu sırada 33-cü yerdədir. Türkiyənin müdafiə büdcəsi 20 milyard dollara yaxın olduğu halda Yunanıstanın müdafiə büdcəsi hardasa 5 milyard dollardır. Dolayısı ilə biz Türkiyə olaraq öz imkanlarımızla ayaqda qalmağa, silahlı qüvvələrimizi gücləndirməyə, güclü ordu – güclü dövlət olmağa çalışarkən, Yunanıstana bəzi Avropa ölkələrindən, son zamanlar isə xüsusilə də ABŞ-dan verilən yardımlarla bu ölkənin süni yolla güclü hala gətirilməsinə cəhd edilir. Yunanıstanın naftex elan etməsi, Kıbrıs adasında təbii qaz və neft axtarmaq fəaliyyəti də buradan qaynaqlanır. Bilindiyi kimi, Yunanıstan orada Qətər, İsrail də daxil olmaqla 10-a yaxın ölkə ilə iş bilriyi halında bu addımı atır. Yəni, Yunanıstan Türkiyə ilə təkbaşına mübarizə etmək gücündə olmadığı üçün kənardan dəstək alır. Hətta öz torpaqlarında ABŞ-a dörd hərbi baza verib. Amma istənilən halda Yunanıstan Türkiyəyə qarşı müahirbəyə əl atacaq gücdə deyil. Ona görə də yaxın gələcəkdə hər hansı müharibənin olacağını gözləmirəm. Sadəcə “böyük Yunanıstan” xəyalından ayrıla bilməyən bu ölkə Qərbin sifarişi ilə anti-Türkiyə addımlarını atmağa cəhd edəcək”.

Mission News Theme by Compete Themes.